Quşçuluğun intensivləşdirilməsi, antibiotiklərin geniş tətbiq olunması nəticəsində son illərdə pasterellaların virulentliyi zəif variantlarının əmələ gəlməsinə və onun törətdiyi xroniki pasterellyozun yayılmasına səbəb olmuşdur. Zəif virulentli pasterellaların törətdikləri xroniki xəstəliyin kliniki-epizootoloji gedişi dəyişdiyinə görə onun diaqnozunun vaxtında qoyulması çətinləşir və bu da öz növbəsində xəstəliyə qarşı mübarizə tədbirlərinin gecikməsinə səbəb olur. Yarımiti və xroniki pasterellyozda iti formadan fərqli olaraq tələfat çox az olur, lakin çoxlu miqdarda (30%-ə qədər) quş çıxdaş edilir. Bundan əlavə, bu formaların baş verib yayılmasında quş orqanizminin müqavimət qüvvəsinin zəifləməsinə səbəb olan xarici mühit amillərinin həlledici əhəmiyyəti vardır. Bu amillər iti formanın baş verməsinə təsir etmir. Bunlardan əlavə, xroniki formanı törədən zəif virulentli pasterellaların xəstə quşun yumurtası ilə cücələrə keçməsi mümkündür. Çünki belə pasterellalarla yoluxmuş embrionların bir hissəsindən kliniki sağlam cücələr çıxır və onlar törədicini bədənlərində daşıyırlar. Yarımiti və xroniki pasterellyoz çox vaxtı kolibakterioz, salmonelyoz, stafilokokkoz, streptokokkoz, psevdomonoz və digər xəstəliklərlə qarışıq gedir.
Patogenezi: Mədə-bağırsaq traktı, xüsusi ilə nazik bağırsaq şöbəsinin selik təbəqəsi törədicinin ilk dəfə zədələdiyi və artıb çoxaldığı yerdir. Bağırsaqların serozlu eksudatla örtülmüş divarının toksiki maddələrin təsirindən pozulması pasterellyoz törədicisinin keçməsinə imkan verir. Qaraciyərdə gedən iti iltihab nəticəsində onun müdafiə funksiyası pozulur və onda çoxlu miqdarda bozumtul düyünlər əmələ gəlir. Törədici və onun toksiki məhsulları qan dövranına keçərək orqanizminin bütün toxumalarına yayılıb iltihab törədir.
Mikrobun təzə ayrılmış və yüksək virulentli kulturası qialuronidaza və ekzonukleaza fermentlərinin köməyi ilə quş orqanizminin orqan və toxumalarına tez yayılır. Koaqulaza fermenti isə mikrobu faqositozdan qoruyur. İntensiv çoxalan mikroorqanizmin həyat fəaliyyətinin toksiki məhsulları quşlara öldürücü təsir göstərir. Quşlar yuxulu vəziyyətdə olmaqla tənəffüsləri çətinləşir, pipiyi, saqqalı və selik təbəqələri sianozlaşır. Bunlardan başqa, toksiki maddələr orqanizmin toxumalarına təsir edərək ağciyərlərdə, yumurtalıqda, dərialtı toxumalarda və digər orqanlarda nekroz prosesinin inkişaf etməsinə səbəb olur.
Xəstəliyin yarımiti və xroniki formasında zəif virulentli törədici qanad və ayaqların oynaqlarında, saqqalda lokalizasiya olunur. Belə hallarda mikroorqanizmi ancaq lokalizasiya yerindən ayırmaq mümkündür.