Pasterellyoz xəstəliyi cavan quşlarda yaşlı quşlara nisbətən az təsadüf olunur. 80-120 günlük cücə və hinduşkalar, 45-60 günlük ördək və qaz balaları xəstəliyə daha çox həssasdırlar. Ölmüş quşların patoloji materialında yoluxma faizi yaşla əlaqədar olaraq artır. Belə ki, 7 günlük cücələrin 15-20%-i, 25 günlük cücələrin 40-45%-i, 70-80 günlük cücələrin 80-85%-i, 6 aydan yuxarı quşların hamısı yoluxurlar.
Əsas infeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır. İti formada pasterellyoz xəstəliyini keçirdikdən sonra ömürlərinin sonuna qədər törədicini bədənlərində daşıyırlar. Belə quşlar digər sağlam quşlarla təmasda olursa, quşların pasterella daşıyıcılığı uzun müddət davam edir.
Quşlar arasında xəstəliyin əsas yayılma yolu pasterellyozdan ölmüş quşların didişdirilməsidir. Çünki cəsəddə olan törədici nəinki tələf olmur, əksinə intensiv çoxalır və onun virulentliyi artır. Təzə cəsəddə pasterellanın virulentliyi yüksək olur. Ona görə də cəsədlərin yoluxdurma qabiliyyəti xəstə quşlara nisbətən təxminən 10 dəfə yüksək olur. İnfeksiya sağlam təsərrüfata yoluxmuş quş, yumurta, tara, yem, nəqliyyat, vəhşi quşlar və gəmiricilərlə gətirilə bilər.
Pasterellyozun epizootologiyasında gəmiricilərin də rolu var. Siçanlar pasterellyoz törədicisinə çox həssasdırlar. Təbii şəraitdə onlar pasterellyozdan ölmüş quşların cəsədlərini yeyərək yoluxur və iti pasterellyozdan ölürlər. Belə siçanların cəsədləri quşların yoluxması üçün təhlükəli infeksiya mənbəyidir. Siçanlar həm də yoluxmuş xarici mühit vasitəsilə yoluxa bilirlər. Bu halda onların xəstələnməsi və törədicinin yayılması uzun müddət davam edir.
Siçovullar pasterellyoza bir qədər zəif həssasdırlar. Onlarda adətən xəstəlik xroniki olmaqla bir neçə həftə və ya ay çəkir. Bu müddət ərzində onlar pasterellaları xarici mühitə yayır, öləndən sonra isə onların cəsədləri quşların yoluxması üçün təhlükə mənbəyi rolunu oynayırlar.
Xəstəliyin baş verməsində və yayılmasında bioloji rezervuar olan milçəklər və gənələr mühüm rol oynayır. Müəyyən edilmişdir ki, pasterella toyuq gənəsinin bədənində uzun müddət qalmaqla onların dişləməsi vasitəsilə sağlam quşları yoluxdururlar.
Pasterellaların yumurta vasitəsilə quşlarda nəsildən-nəsilə keçməsi xəstəliyin epizootologiyasında əhəmiyyətli rol oynayır. İnkubasiyalıq yumurta qabığının səthinin yoluxmasını epizootoloji cəhətdən təhlükəli hesab olunur. Xəstəlik əsas etibarilə soyuq və rütubəti çox olan aylarda müşahidə edilir.