Açıq havada günəş şüalarının təsirindən 48 saat, düz şüalar düşməyən yerdə 72 saat, qurudulmuş qan yaxmasında otaq temperaturunda 8 gün müddətində tələf olur. J.Q.İarov (1958) müəyyən etmişdir ki, havanın hərarətindən, nisbi nəmlikdən və günəş radiasiyasından asılı olaraq pasterellyozun törədicisi yoluxmuş əşyalarda 35 dəqiqədən 34 gün, quş peyinində 12-72 gün, lələk və tükdə 11-26 gün, taxıl dənində 11-44 gün, suda 6 gün, yumurta qabığının üstündə 6-26 gün, yoluxmuş quş cəsədində 25-120 gün yaşayırlar. Müəyyən edilmişdir ki, torpaq qatının dərinliyində pasterellaların yayılmasının çox böyük əhəmiyyəti var. Ph-7,2 olan torpaqda pasterellalar 5 sm dərinlikdə 60 gün, 15 sm dərinlikdə 120 gün, 30 sm dərinlikdə 140 gün diri qalırlar.
Pasterellalar fiziki və kimyəvi amillərin təsirinə çox davamlıdırlar. Karbol turşusunun 5%-li məhlulu ilə dezinfeksiya etdikdə 1 dəqiqə, 3%-li məhlulu 2 dəqiqə, xlorlu əhəngin tərkibində 5 % fəal xlor olan duruldulmuş məhlulu 3 dəqiqə, 1%-li süleymani məhlulu 5 dəqiqə, natrium qələvisinin 2%-li isti məhlulu 2 dəqiqə, formaldehidin 2%-li məhlulu 5 dəqiqə ərzində pasterellaları məhv edir.
Epizootologiyası: Quşçuluğun sənaye əsaslarına keçirilməsi, quş əti və yumurta istehsalının ixtisaslaşması ilə əlaqədar son illər pasterellyozun epizootologiyasının xüsusiyyətləri də dəyişib. Belə ki, xəstəliyin mövsümlə əlaqəli olması və coğrafiyası bir qədər fərqlənir. Hal-hazırda pasterellyoz xəstəliyi mülayim və isti iqlim şəraiti olan zonalarla yanaşı, nisbətən souq iqlim qurşağı olan ərazilərdə də qeydə alınır.
Virulentliyi zəif olan pasterellanın geniş yayılması və xəstəliyə həssaslıq yaşının azalması müşahidə olunur. Digər tərəfdən isə baytarlıq- sanitariya tədbirlərinin yüksək səviyyədə aparılması, optimal yemləmə və saxlanma şəraiti, qabaqcıl texnologiya tətbiq olunan sənaye quşçuluğu təsərrüfatlarında pasterellyoz xəstəliyinin yayılmasının qarşısı alınır. Ona görə də quşçuluq yüksək inkişaf etmiş bölgələrdə pasterellyoz epizootologiyaları kəskin azalmışdır.
Pasterellyozla bütün növ ev və vəhşi quşlar xəstələnirlər. Pasterellaların parazitlik etdiyi su quşları (qaz, ördək, qu quşu, qağayı və s.), meşə quşları (ağacdələn, qırqovul, sağsağan, alacəhrə, qumru quşu, tetra quşu, Sibir xoruzu və s.), çöl quşları (kəklik, bildirçin və s.), yırtıcı quşlar (qartal, qızılquş və s.), həmçinin bütün əhliləşdirilmiş quşlar daxildirlər. Təbii şəraitdə yumurtalıq cinsdən olan toyuq və cücələr ətlik cinslərinə nisbətən daha çox xəstələnirlər.