Tarixi məlumat: Onun verdiyi iqtisadi zərər çoxlu miqdarda quşun xəstələnərək ölməsindən, 50-80%- ə qədər xəstə və zəif quşların öldürülərək tələf edilməsindən, məhsuldarlığın azalmasından, təsərrüfata ciddi məhdudiyyət qoyulması nəticəsində onun normal fəaliyyətinin pozulmasından, çoxlu miqdarda antibiotik, sulfanilamid preparatları və dezinfeksiya maddələrinə çəkilən xərcdən, kliniki xəstələrin ayrılması dayanandan sonra şərti sağlam məhsuldar quşların məcburi kəsilməsindən və digər amillərdən ibarətdir.
Hələ XVIII əsrin ikinci yarısında Avropa ölkələrində quşlar arasında pasterellyoz xəstəliyinin baş verməsi və böyük tələfata səbəb olması göstərilmişdir. Xəstəliyin yoluxucu olmasını ilk dəfə təxminən XIX əsrin ortalarında Reno və Delafond müəyyən etmiş, Rivolta və
Neronçiti isə xəstə toyuqların qanından mikrobları ayırmışlar. 1880-ci ildə isə Paster toyuqlarda pasterellyozun törədicisinin təmiz kulturasını ayıraraq onu quşların digər yoluxucu xəstəliklərdən tamamilə təfriq etmişdir.
Pasterellyoz xəstəliyi mülayim və isti iqlimi olan ölkələrin quşçuluq təsərrüfatlarına iqtisadi ziyan verir. Son məlumatlara görə, bu xəstəlik Şimali Avropa ölkələrində təsadüf olunmamış, Qərbi Avropa ölkələrində isə çox nadir hallarda baş vermişdir. Lakin Şərqi Avropanın, Asiya və Afrikanın bir sıra ölkələrində hər il pasterellyoz xəstəliyi yaranır.
Vaxtilə bu xəstəlik bizim respublikanın aran və dağətəyi zonalarında yerləşən ekstensiv təsərrüfatlarında da qeydə alınıb. Xəstəliyə qarşı səmərəli mübarizə tədbirləri aparılmayan təsərrüfatlarda stasionar xarakter daşıyıb. Müxtəlif illərdə iri sənaye quşçuluq təsərrüfatlarında, həm ətlik, həm də yumurtalıq istiqamətli təsərrüfatlarda pasterellyoz xəstəliyi geniş yayılaraq böyük iqtisadi zərərə vurub və aparılan səmərəli radikal tədbirlər nəticəsində xəstəlik qısa zaman kəsiyində ləğv olunub.
Törədicisi: Pasterella multocida-oval formalı, gödək, bipolyar, qram mənfi 0,25-2,5 mkm ölçüdə bakteriyadır. Mikrob hərəkətsiz olmaqla qamçıları yoxdur, spor əmələ gətirmir.