Törədicisi virusdur. O, Coronavirus ailəsinə aid olmaqla 30 serotipi məlumdur. İnfeksion bronxit virusu xarici mühitə davamlıdır. O, xəstə cücələrin toxumasında 50%-li qliserin məhlulunda 4°C-də 80 günə, peyində, binaların divarında, yem və su qablarında 50-90 günə, donmuş suda 50 günə, qış dövründə binanın daxilində ağac, kərpic və metal səthdə 21 günə, binadan kənarda 50 günə qədər diri qalır. Dezinfeksiya maddələri formalin və karbol turşusunun 1%-li məhlulları, 70%-li spirt virusu 3 dəqiqəyə öldürür.
Epizootologiyası. İnfeksion bronxitə müxtəlif yaşlarda olan toyuqlar həssasdırlar. Lakin 30 günlüyə qədər cücələr və yumurtlamağa başlayan cavanlar daha həssasdırlar. Xəstəliyi yaşlı toyuqlar yüngül keçirərək tezliklə sağalırlar və xəstəliyi keçirən dövrdə yumurta məhsulu azalır. Cücələr arasında tələfat 20-30%-dən də artıq ola bilər.
Qırqovul və bildirçinlər də xəstəliyə həssasdırlar.
İnfeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır. Xəstə quş virusu ağız, burun axıntısı və nəcislə yayır. Əgər toyuqlar yumurtlayan dövrdə xəstəliyin iti forması ilə xəstələnirsə, onda virusu yumurta ilə, xəstəliyi keçirmiş quşlar isə virusu ancaq nəcislə ifraz edirlər. Virus, həmçinin yoluxmuş bina, yem və su qabları, döşəmənin altlığı, xidmətçilərin ayaqqabısı və paltarı vasitəsi ilə də yayılır. Yoluxma əsas etibarilə aerogen, bəzən alimentar və transovarial yollarla olur.
Klinik əlamətləri. İnkubasiya dövrü 3-8 gündür. 30 günlüyə qədər olan cücələrdə süstlük, yuxululuq, tənəffüsün çətinləşməsi, asqırma müşahidə olunur. Cücələr nəfəs alanda boyunlarını qabağa yuxarı uzadaraq ağızlarını açırlar. Burun yollarının serozlu axıntı ilə tutulması ilə əlaqədar olaraq cücələr tez-tez başlarını silkələyərək burunu təmizləməyə çalışırlar. Traxeyada, bronxlarda və hava kisələrində eksudatın toplanması ilə əlaqədar olaraq cücələrin köks qəfəsinə qulaq asanda pişik səsini xatırladan xışıltı eşidilir. Sonra serozlu konyunktivit, sinusit baş verə bilər. Xəstəlik 30 gündən böyük yaşda olan cücələrdə bir qədər yüngül formada keçir.
Baytarlıq-sanitariya vəziyyəti kifayətləndirici olmayan təsərrüfatlarda cücələrin 60-80%-i xəstələnə bilirlər. Bunların 30-40%-də konyunktivit və sinusit əlamətləri görünür ki, bu da xəstəliyin kolibakterioz, yaxud mikoplazmozla mürəkkəblə°məsi ilə əlaqədardır. Yaşlı toyuqlarda tənasül üzvlərinin xəstələnməsi ilə əlaqədar olaraq yumurta məhsulunun 30- 40%, bəzən isə daha çox azalması müşahidə olunur. Bu vaxt yumurtaların bəziləri deformasiyalı - qabığı hamar olmayan, girintili-çıxıntılı olurlar.