Quşçuluqda parazit xəstəlikləri böyük ziyan vurur. Bunlar quşun bədəninin səthində, yaxud içərisində yaşamaqla, onun qanını, şirəsini və toxumalarını yeməklə fəaliyyət göstərirlər. Parazit xəstəliklərə müxtəlif helmintozlar aiddir. Bu xəstəlikləri helmintlər tüfeyli qurdlar törədir. Onlar quşun həzm traktında məskən salır və onların bağırsaqlarının selikli qişasını zədələyir. Bu isə bağırsaqların tutulmasına və hətta cırılmasına səbəb olur. Tüfeylilərin olması orqanizmin arıqlamasına, böyümənin pisləşməsinə gətirib çıxarır.
Askaridoz. Xəstəlik dairəvi qurd olan nematodlar tərəfindən törədilir. Yaşlı quşların orqanizmində askaridlərin inkişaf dövrü 35-58 gün, bir aylıq cücələrdə 30-35 gün çəkir. Quşun orqanizmində onların yaşama müddəti 8 aydan 14 aya kimidir. Toyuqların askaridlərlə yoluxması saxlanma sistemindən asılıdır. Qəfəslərdə və tor üzərində saxlanma zamanı yoluxma olmur. Cavanların yaşlı quşlarla birgə döşəmə üzərində saxlanması zamanı onun yoluxma təhlükəsi xeyli artır.
Heterokodioz. Toyuqların kor bağırsaqlarında tüfeyli həyat keçirən xırda, dairəvi qıl qurdlar tərəfindən törədilir. Xəstəliyin kliniki əlamətləri zəif bilinir: iştaha pisləşir, ishal başlayır. Askaridioz və heterokodioz quşda adətən eyni vaxtda keçir. Ən təsirli müalicə üsulu antihelmint preparatları piperazin və fenotiazinin yedirilməsi sayılır. Lakin bina, həmçinin gəzinti meydançası, yuvalar, tarlar sistematik olaraq mexaniki təmizlənməsə və dövri olaraq dezinfeksiya edilməsə, müalicə fayda vermir. Dezinfeksiyaedici vasitələrdən biri 3%-li natrium (NaOH) məhluludur.
Koksidiozlar. Ən geniş yayılmış parazitar xəstəlikdir. Xüsusən 90 günlüyə qədər yaşı olan cücələri yoluxdurur. Yüksək ölüm faizi ilə xarakterizə edilir. Yoluxmanın əsas mənbəyi xəstə və xəstəlik keçirmiş quşlardır. Xəstə quşlarda lələklər pırpızlaşır, qanadlar sallanır, baş arxaya əyilir, gözlər yumulur. Zılı selikli, qanla qarışıq olur. Xəstəlik 3-4 gün davam edir, bundan sonra çox vaxt cavanlar ölür.
Dərmanla müalicə həmişə effekt vermir. Hər kq quru yemə 1 q kosidiovit qatılaraq 7-10 həftə ərzində; sulfadimezin 10 kq yemə 1-2 q qatılaraq, iki- üç günlük kurs arasında iki gün fasilə ilə verilir. Bina təmizləndikdən sonra onun lehimləyici lampa ilə termik işlənməsi üsulu yaxşı nəticə verir.
Yoluxucu xəstəliklərdən biri olan aspergillezi törədən göbələkdir. Onun sporları yüksək temperatura davamlıdırlar. Kimyəvi vasitələrdən 10% formalin məhlulu, 3%-li karbol turşusu effektlidir. Cücələrdə kəskin, toyuqlarda xroniki formada keçir. Yoluxma zamanı tənəffüs yollarının inkişaflı iltihabı baş verir, düyünlər yaranması mümkündür.