Ona görə də yemlərin qeyd olunan xəstəlik törədicilərinə görə yoxlanması çox vacibdir. Taxıl məhsulları və qarğıdalı dəninin toksinlərə görə yoxlanmasının böyük əhəmiyyəti var, çünki toksinlərin immunodepressiya törədərək bakterial virus və parazitar infeksiyaların baş verməsinə səbəb olur.
Yemlər xüsusi anbarlarda yığım halında və ya kisələrdə saxlanır və onların gəmiricilərlə və həşəratlarla kontaktına yol verilməməlidir. Quşçuluq təsərrüfatlarında quşların sonrakı yetişdirilməsi inkubatorlardan götürülmüş cücələrin keyfiyyətindən çox asılıdır.
Cücələr bəzən inkubasiya dövründə xəstəlik törədicilərinin daşıyıcıları, bəzən də həyatlarının ilk günündən başlayaraq xroniki, gizli formada infeksiya törədicilərinin daşıyıcıları ola bilər. Ona görə də cücə qruplarından müəyyən qədəri laboratoriya müayinələri üçün götürülüb istifadə edilməlidir.
Müayinələrdə aşağıdakılar nəzərə alınmalıdır:
• Kliniki müayinələr əsasında su itkisi, inkişaf qüsurları və s. təyin edilir. Yarma aparılmaqla orqan və toxumalarda gedən dəyişikliklər öyrənilir.
• Bakterioloji müayinə əsasında kolibakterioz, salmanellyoz, stafilokokkoz, mikroloji müayinə əsasında isə aspergillyoza görə yoxlanılmalıdır. Qan alınacaq seroloji reaksiyalar əsasına mikoplazmoza görə müayinə edilməlidir.
Belə müayinələr əsasında quşların göstərilən xəstəliklərlə xəstə olub- olmaması müəyyən edilməklə yanaşı, həm də infeksion bursal xəstəliyinə qarşı ana antitellərin səviyyəsi müəyyən edilməklə vaksinasiyanın tarixi təyin olunur.
Quş binalarında mikroiqlim göstəricilərinin normada olması müəyyən əhəmiyyətə malikdir. Mikroiqlim göstəricilərinə binanın temperaturu, nəmliyi, dövr edən havanın surəti və istiqaməti, havanın qaz tərkibi, havada tozun səviyyəsi və mikrobun olması aiddir.
Binaların mikroiqlim göstəricilərinə nəzarət etdikdə xarici mühitin iqlim şəraiti, quşların sıxlığı, yaş qrupu və növü, həmçinin enerji mənbəyi nəzərə alınmalıdır.
Mikroiqlim göstəricilərinə olan nəzarətin pis olması, döşəmənin nəmlənməsinə, bina daxilində temperatur dəyişkənliyinə, termiki stresslərə, ammonyakın normadan çox olması və nisbi nəmliyin yüksəlməsinə, havanın təzələnməsinin sürətinin azalmasına səbəb olur.
Müxtəlif parametrlərin əlverişsiz kombinasiyaları nəticəsində quşların orqanizmində patoloji proseslərin yaranmasına səbəb olur.