Bundan əlavə, ana toyuqlar cavanlardan xüsusi arakəsmə vasitəsilə ayrılmalıdır. Xidmət işçiləri fermaya baytar həkiminin nəzarəti altında daxil olmalı və xüsusi geyimlə təmin edilməlidir.
Quşçuluq fabrikləri və fermaları qapalı tip təsərrüfat olduğundan kənar şəxslərin buraya daxil edilməsinə icazə verilmir.
Təsərrüfat daxilindəki quş binaları, inkubator şöbəsi, kəsim və yem sexi və digər binaların giriş yolunda 1,5 m uzunluğu və 15 sm dərinliyi olan dezbaryerlərlə təmin edilməli və müntəzəm şəkildə dezinfeksiya məhsulları ilə nəmləndirilməlidir. Nəqliyyat vasitələrinin təkərlərini dezinfeksiya etmək üçün yenə dezbaryerlər təşkil edilməli və bura 3% formaldehid məhlulu və ya tərkibində 1 % fəal xlor olan xlorlu əhəng məhlulu, 5%-li kreolin və ya ksilonaft məhlulu əlavə edilməlidir.
Sexlərdən gündəlik yığılmış quş cəsədləri xüsusi sobalarda yandırılmalıdır. Sobaların stasionar və mobil növləri mövcuddur. Xəstəlik törədicilərinin yayılmasında peyin böyük rol oynadığına görə onun yığılıb zərərsizləşdirilməsi çox vacibdir. Bu məqsədlə daha çox biometriki üsulla zərərsizləşdirmədən istifadə edilir.
Quşçuluq təsərrüfatlarında istifadə olunan suyun və yemin keyfiyyətinə nəzarət edilməsi böyük əhəmiyyətə malikdir.
Suyun keyfiyyəti quşların inkişafı zamanı onların zootexniki göstəricilərinə təsir etməklə yanaşı, həm də bəzən patogen mikroorqanizmlərin daşıyıcısına çevrilməklə, xəstəlik törədicisinin yayılmasında böyük rol oynayır. Suların üzvi maddələrlə çirklənməsi də təhlükəli nəticələrə səbəb olur. Pis keyfiyyətli su quşçuluqda bəzi vasitələrin korroziyasına, aşılanmasına, kiflənməsinə də səbəb olur. Suyun codluğu onda olan kalsiumun çoxluğunu göstərir. Quşları yaxşı keyfiyyətli su ilə təmin etmək üçün bunun tərkibinə quşlara ziyan verməyən oksidləşdirici vasitələr daxil edilməlidir. Bu məqsədlə daha çox limon turşusu, ammonyak və xlordan istifadə edilir. Belə halda suda mikroorqanizmlərin ümumi miqdarı azalır, üzvi maddələrlə çirklənmə aşağı düşür, bəzi metalların yığımı azalır.
Quşçuluqda istifadə edilən yemlər keyfiyyətsiz olduqda bir çox xəstəlik törədicilərinin, o cümlədən salmonellyozun, toksikozların, kolibakteriozun və s. xəstəlik törədicilərinin yayılmasına səbəb olur. Heyvan mənşəli yemlər bu cəhətdən daha təhlükəlidir. Yem salmonellanın, anaerob infeksiya törədicilərinin və bəzi virusların ehtiyat mənbəyi kimi özünü göstərir. Bundan əlavə, yem vasitəsilə pasterellyozun, infeksion bronxitin və s. xəstəlik törədicilərinin quşlar arasında yayılması təsdiq edilmişdir.