Respublikamızın sərhədlərinin infeksion xəstəliklərdən qorunmasının çox böyük əhəmiyyəti var. Bu vəzifəni yerinə yetirmək üçün sərhəd boyunca sərhəd nəzarət baytarlıq məntəqələri yaradılmışdır. Xaricdən ölkəmizə daxil olmuş quşlar profilaktiki karantində saxlanmalı, şübhə doğuran hallarda müvafiq müayinə üsulları ilə yoxlanmalıdır. Sərhəd zonalarındakı təsərrüfatlarda və yaşayış məntəqələrində quşlar ciddi baytarlıq nəzarətində olmalıdır.
Quş və quş məhsullarının ölkə daxilində daşınması zamanı onların sağlamlığını baytarlıq şəhadətnaməsi təsdiq etməlidir. Yalnız sağlam quşların və onların yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullarının daşınmasına icazə verilir.
Quş və quş məhsullarının daşınmasında istifadə olunan müxtəlif nəqliyyat vasitələri yuyulduqdan sonra dezinfeksiya edilməlidir. Hava, su, dəmir və avtomobil yolları ilə quş və quş məhsullarının daşınması zamanı ciddi baytarlıq nəzarəti olmalı, yüklənən və boşaldılan məhsullar baytarlıq-sanitariya müayinələrindən keçirilməlidir. Müəyyən infeksion xəstəliklərə şübhə yarandıqda, xəstəliyin xarakterindən asılı olaraq, onların yaranmaması üçün müvafiq tədbirlər görülməli, hətta lazım gəlsə, quşların hamısı kəsilməlidir.
Yüksək məhsuldar cinslərin və yumurtaların xarici ölkələrdən gətirilməsi zamanı həmin ölkənin epizootoloji vəziyyəti bilinməlidir. Xaricdən gətirilən hər partiya quş və yumurtalar ixrac edən ölkənin, dövlət baytarlıq xidməti quşların sağlamlığı haqqında baytarlıq şəhadətnaməsi verməlidir.
Xaricdən alınmış quşlar karantində saxlanılır, yumurtalar isə ayrıca inkubatorda inkubasiya etdikdən sonra alınmış cücələr yenə karantində saxlanılır. Karantin şöbəsi quş yerləşdirilməzdən 3 ay qabaq boş saxlanmalı və bu dövrdə dəfələrlə dezinfeksiya edilməlidir.
Karantin dövründə quşlar mütləq pulloroz, vərəm, infeksion bronxit və digər infeksion xəstəliklərə görə müayinə edilməlidir.
Quşçuluq təsərrüfatlarında epizootiyalar baş verdikdə mikrob əleyhinə rejim yaradılmalıdır. Bu məqsədlə binalarda quşlar qapalı sistemdə yaş qrupları üzrə saxlanmalı, xəstə quşlar təcili olaraq əsas qrupdan ayrılmalı, mövcud dezinfeksiyadan vaxtaşırı istifadə edilməli, gəmirici və həşəratlarla mübarizə aparılmalı və optimal yemləmə təşkil edilməlidir.
İnfeksion xəstəliklərə görə quşçuluq təsərrüfatlarının sağlamlığının təmin edilməsi üçün kompleks təsərrüfat-təşkilat, zoogigiyenik və baytarlıq-sanitariya tədbirləri yerinə yetirilməlidir.
Xaricdən xəstəlik törədicilərinin daxil olmasının qarşısını almaq üçün quşçuluq təsərrüfatı hasara alınmalı və yaşıl zolaq salınmalıdır.