Bütün bunlar orqanizmin təbii dözümlülüyünü xarakterizə edir. Təbii davamlılıq isə orqanizmin immunnobioloji reaktivliyi ilə sıx əlaqədardır.
Təkamül dövründə hər hansı heyvan növü kifayət qədər qeyri- spesifik qoruyucu xüsusiyyətlər əldə etmişdir. Buna dəri və selikli qişaların qoruyucu funksiyası, iltihab reaksiyası, faqositoz prosesi mühüm əhəmiyyət kəsb edir.
Hər hansı bir infeksiya zamanı ümumi xarakterli qoruyucu reaksiyalar tədricən spesifik iqtiqamətlilik xüsusiyyəti qazanır. Nəticədə faqositlərin aktivliyi yüksəlir, müxtəlif toxumaları təşkil edən hüceyrələrin reaktivliyi dəyişilir. Mikrob antigenlərinin təsirindən spresifik antitellərin sintezi baş verir.
Təbii davamlılıq bir çox cəhətdən xarici mühit şəraitindən asılıdır. Orqanizmin ümumi davamlılığının aşağı düşməsində stress amillərinin rolu böyükdür.
Stress amilləri aşağıdakı qruplara bölünür:
1. Fiziki stress amilləri. Buna yüksək və aşağı temperatur, aşağı temperatur şəraitində yüksək nisbi nəmlik, güclü səslər, radiasiya və s. aiddir.
2. Kimyəvi stress amilləri. Bu qrupa quş binalarında ammonyakın, hidrogen sulfidin, karbon qazının, yüksək konsentrasiyasını və inseksid maddələri aid etmək olar.
3. Yem stress amilləri. Bura heyvanların həddən artıq az və ya çox yemlənməsi, rasionda birdən-birə kəskin dəyişiklik və s. aiddir.
4. Travmatik amillər. Buna müxtəlif mənşəli travmaları aid etmək olar
5. Bioloji stress amilləri. Bunlara misal olaraq infeksion və invazion xəstəlikləri, vaksinasiyaları və s. göstərmək olar.
6. Texnoloji stress amilləri. Bu qrupa quşların tez-tez yerinin dəyişdirilməsi, qruplaşdırılması, onların sıx halda yerləşdirilməsi və s. misal göstərmək olar.
7. Nəqliyyat stress amilləri. Heyvan və quşların müxtəlif nəqliyyat vasitələri ilə daşınması buna aiddir.
Quşların fizioloji tələbatına uyğun olmayan xarici mühit temperaturu təbii rezistentliyi (davamlılıq) aşağı salır.
Belə ki, soyuqlama zamanı faqosit hüceyrələrinin aktivliyi aşağı düşür. Xüsusilə yuxarı tənəffüs yollarının baryer funksiyası zəifləyir, nəticədə patogen mikrobların aktivləşməsi baş verir. Orqanizmə yüksək temperaturun təsiri zamanı potensial xəstəlik törədici bağırsaq mikroflorası aktivləşir və bağırsaqların keçiricilk qabiliyyəti güclənir.