İnfeksiyanın birinci və ən aydın forması infeksion xəstəlikdir. Bu forma orqanizmin normal həyat fəaliyyətinin pozulmasını göstərən əlamətlərlə, orqan və toxumaların funksional pozğunluğu və zədələnmələri ilə səciyyələnir. İnfeksion xəstəliklərinin çoxu müəyyən kliniki əlamətlərlə özünü göstərir. Bəzən infeksion xəstəliklər kliniki əlamətlərlə özünü nəzərə çarpdırmır. İnfeksiya gizli gedir və belə vəziyyət əlamətsiz gizli infeksiya adlanır. Belə xəstəlikləri aşkar etmək üçün laboratoriya müayinələri, bakterioloji, virusoloji və immunoloji diaqnostika üsullarından istifadə edilir.
İnfeksiyanın ikinci forması mikrobdaşıyıcılıqdır. Bu formada xəstəlik törədicisi orqan və toxumalarda patoloji vəziyyət və immunoloji proseslər törətmir. İnfeksiyanın bu formasını mikrobioloji müayinə üsulları ilə aşkar etmək mümkündür. Təbiətdə mikrobdaşıyıcılığın digər formaları, yəni xəstəliyi keçirmiş heyvanların sərbəst forması və vaksinasiya olmuş olan sağlam heyvanların mikrobdaşıyıcılğından fərqləndirmək lazımdır.
İnfeksiyanın üçüncü forması immunlaşdırıcı subinfeksiya hesab edilir. Belə forma zamanı mikrobun təsirindən heyvan və quş orqanizmində spesifik dəyişikliklər və immunitet yaranır, ancaq mikrobun özü isə tələf olur. Orqanizmdə funksional dəyişikliklər baş vermir və bu infeksiya törədicinin mənbəyinə çevrilmir.
Parazitizm yaşama tərzində mikroorqanizm sahib orqanizminə daxil olaraq onun hesabına yaşayır və həyat fəaliyyəti ilə makroorqanizmin məhvinə səbəb olur. Belə mikroorqanizmlər patogen, yəni xəstəlik törədici mikroorqanizmlər adlanır.
Patogen mikroorqanizmlərə misal olaraq bakteriyaları, mikroskopik göbələkləri, xlamidiyaları və virusları göstərmək olar. Mikroblarda parazitizm təkamül nəticəsində baş vermiş və inkişaf etmişdir. Təkamül əsasında mikroblar müxtəlif qidalanma xüsusiyyəti əldə etmişdir.
Patogen mikroorqanizmlərdən əlavə bir qrup mikroorqanizmlər də var ki, bunlara şərti və ya potensial patogen mikroorqanizmlər deyilir. Bu qrup mikroorqanizmlər insan, heyvan və quşların dəri səthində, həzm, tənəffüs və sidik-cinsiyyət üzvlərində yaşayır. Normal həyat tərzində bir qrup mikroorqanizmlər sahib orqanizmində xəstəlik törədir. Ancaq bəzi faktorların təsirindən orqanizmin immunobioloji reaktivliyi aşağı düşdükdə bu qrupun nümayəndələri öz patogenlik xüsusiyyətlərini artıraraq xəstəlik törədir.
Ümumiyyətlə, məlumdur ki, infeksion xəstəliyin baş verməsi üçün 3 element lazımdır: patogen mikrob, həssas heyvan və ya quş orqanizmi və keçirici amillər.