Yemlərin xarab olmasının qarşısını almaq üçün anbarı, nəqliyyat vasitələrini, tənzimləyici qurğuları əvvəlcədən dezinfeksiya etmək, bu işi yem qalıqlarını təmizlədikdən sonra həyata keçirmək lazımdır. Bu məqsədlə aerozol avtomatlardan, ucunda kifayət qədər təzyiqli su və buxar qurğularından istifadə edilməlidir. Bu zaman təhlükəsizlik qaydalarına əməl edilməlidir.
Dənli yemlərin saxlamadan əvvəl və ya sonra dərmanlanması üçün xüsusi çiləyicilərdən və qaz qurğularından istifadə edilir. Saxlanma qaydalarına düzgün əməl etmədikdə bilavasitə tarlada dənlərin şişməsi baş verə bilər. Şişmiş dənlərdə bir qayda olaraq göbələklər və mikotoksinlər olur, orada nişastanın, proteinin parçalanması və yenidən əmələ gəlməsi nəticəsində qida maddələrinin itkisinə yol verilir. Belə yemlərlə yemləndirilən heyvanların mədəsində asidozun meydana gəlmə təhlükəsi arta bilər.
7.1 Broylerlərin saxlanması üçün tələblər
Yemin tərkibi və qidalılığı ilə yanaşı, quşların saxlanma şəraiti də kökəlməyə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, bəsləmə dövrünün sonunda döşəmənin 1m2 sahəsinə düşən cücələrin sayı 20-24 baş, yaxud kütləsi 30-35 kq-dan artıq olmamalıdır. Tırtılvari yem paylayıcılarında hər başa 3 sm, novlu su qablarında isə 1,5 sm hündürlük norma sayılır. Dəyirmi yem təknələri (diametri 40 sm) və dəyirmi su qabları (diametri 37 sm) 100 baş quş üçün nəzərdə tutulur. Yem təknələri və su qabları arasındakı məsafə 2 metrdən artıq olmamalıdır.
Cücələr tam inkişafa çatana qədər binada temperatur rejiminə ciddi əməl olunmalıdır. Aşağı temperaturda istiliyin nizamlanmasına əlavə yem məsarifi tələb olunduğu kimi, əksinə yuxarı temperaturda iştaha zəifləyir, çəki artımı aşağı düşür. Əgər bina qızdırılırsa, cavanlar üçün temperatur rejimi 1-ci gün 34°C, 2-ci gün 33,3°C-32,4°C, 4-7-ci günlər 31°C, 8-15-ci günlər 30°C olmalıdır.
Tədricən temperatur aşağı salınmaqla kökəltmənin 6-cı həftəsinin sonunda istilik 22°C həddinə yaxınlaşdırılır. Əgər işıqsaçan mənbələrdən istifadə olunursa, birinci gün 35°C, ilk həftədə 32° C-yə qədər, ikinci həftədə 29°C, üçüncü həftədə isə 26°C münasib sayılır.