G. Təlim nəticəsi 7 - Ətlik quşçuluqda yemin keyfiyyəti və onların tərkibinin qiymətləndirilməsi
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Yemlərin keyfiyyəti, onların tərkibindəki qida maddələri
2. Broylerlərin saxlanması üçün tələbləri
3. Broylerlər üçün zəruri yemin sərfiyyatını
4. Broylerlərin qida maddələrinə olan tələbatını
5. Broylerlər üçün tam rasionlu qarışıq yemlərin tərkibini
6. Ətlik quşçuluqda məhsuldarlığa və yaş səviyyəsinə uyğun yemə olan tələbi bilir və yem rasionunun tutulmasını aparmağı bacarır.
Yemlərin keyfiyyəti, onların tərkibində olan qida və bioloji fəal maddələrə görə müəyyən edilir. Bu, həmçinin onlarda zəhərli maddələrin olub-olmamasından və yemlərin saxlandığı gigiyenik şəraitdən də asılıdır. Çünki yemlər saxlanılma müddətində bir sıra dəyişikliklərə uğrayırlar.
Yemlərin saxlanılmasında başlıca hazırlıq əməliyyatlarından biri də onların qurudulmasıdır. Bu əməliyyat yemləri fermentativ və mikrobioloji xarab olmadan qoruyur. Yemdə nəmliyi optimal səviyyəyə endirdikdən sonra onların xarab olmasının azalması və ya praktiki olaraq dayanması üçün şərait yaranır. Yem düzgün saxlanılmadıqda, o, havadan nəmlik çəkə bilər. Nəmlənmə taxta döşəmənin səthindən və divarlardan da baş verir.
Yemlərin ferment və mikrobioloji korlanmasında aşağıdakı amillərin də təsiri böyükdür.
• ətraf mühitdə havanın yüksək istiliyi
• xammalda yüksək bakterial mühit, yəni bakteriyaların çoxluğu
• Mikroorqanizmlərin normal həyat fəaliyyəti üçün lazım olan əlverişli qida mühitinin olması;
• Bitki hüceyrəsinin membranının zədələnməsi, quruluşunun pozulması, dənlərin üyüdüldükdə və termiki işlənmədə xırdalanması;
• Yemlərin həddindən artıq kiçik hissələrə bölünməsi, yəni xırdalanması, havanın azlığı;
• Yemlərin zərərvericilərlə yoluxması
• Yemlərin uzun müddət saxlanılması