Bioqazın keyfiyyəti onun kogenerasiya qurğularında istifadəsinin mümkünlüyünə təsir edən əsas faktordur. Kogenerasiya qurğuları elektrik və istilik enerjilərinin birlikdə hasil edildiyi qurğulara deyilir. Kiçik güclü qurğularda adətən, porşenli daxiliyanma mühərriklərindən istifadə edilir. Yanacaq kimi bu qurğularda təbii qaz və ya onun əvəzinə müxtəlif növ bioqaz işlədilir. Bioqazı almaq üçün xüsusi stansiyalar tikilir ki, bunlar da sutəmizləmə qurğularının, kommunal tullantılarının atıldığı zibilliklərin və ya kənd təsərrüfatı müəssisələrinin, əsasən, heyvandarlıqla məşğul olan təsərrüfatların yaxınlığında tikilir. Hazırda biokütlələrdən alınmış yanacaqlardan istilik və elektrik enerjiləri istehsal etmək üçün daxiliyanma mühərriklərində istifadə edilir.
7.1. Ağac və küləşdən istilik əldə edilməsi
Bərk bioenerji daşıyıcılarına bütün meşə məmulatı, ağaclar və ağac məmulatları, bərk biotullantılar, həmçinin küləş və enerji verə bilən bitkilər daxildir. Ağac məmulatlarının aşağı yanma istiliyi ilə susuz məmulatların yanma istiliyi (yuxarı yanma istiliyi) arasında aşağıdakı təxmini asılılıq mövcuddur:
Qa=Qy(1-W)-2,44 • W, MC/kq
burada w -yanacağın tərkibindəki nəmlikdir. Tipik təzə biokütlələrdə nəmliyin miqdarı 40 ÷ 60% intervalında, yaşıl bitkilərdə isə 80%-ə qədər ola bilir.
Cədvəl 8: Biokütlələrin aşağı yanan istilikləri.
Yanacaq (susuz) | Aşağı yanma istiliyi MC/ kq | Yanacaq (susuz) | Aşağı yanma istiliyi MC/ kq |
Buğda küləş | 17,3 | Günəbaxan | 17,9 |
Qabıqsız ağac | 18,5 | Etanol | 26,9 |
Ağac qabığı | 19,5 | Metanol | 19,5 |
Zeytun çəyirdəyi | 18 | Benzin (müqayisə üçün) | 43,5 |
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 349