Kaplan hidroturbinlərinin f.i.ə.-sinin qiyməti 80÷90% arasında olur. Dönən kürəkli hidroturbinin işçi çarxı turbinin oxuna perpendikulyar və ya onunla iti bucaq əmələ gətirə bilər. Belə turbinlər diaqonal hidroturbinlər adlanır. Diaqonal hidroturbinlər dönən kürəkli hidroturbinlərin bir növü olub, fərqli cəhəti odur ki, kürəklərinin oxu turbinin fırlanma oxu ilə iti bucaq əmələ gətirir. Bu turbinlərdə işçi çarxın oymağı su selinin yolunu daraltmadığı üçün kürəklərin sayını artırmaq və ondan daha yüksək basqılarda istifadə etmək imkanı yaranır.
Dönər kürəkli hidroturbinin kürəkləri işçi çarxın vtulkasının (oymağının) pəncərəsində yerləşdirimiş sapfaya malikdir. Dönər kürəkli hidroturbinlər şaquli və ufüqi olur. Şaquli tiplilər adətən basqı 15÷60 m olduqda istifadə edilirlər. Üfüqi dönər kürəkli hidroturbinlər isə düzaxınlı aqreqatlarda basqısı 15÷30 m olan SES-lərdə istifadə edilir.
Propeller hidroturbin reaktiv tipli olub, gücünün tənzimlənməsi istiqamətləndirici aparatın kürəklərinin dönməsi ilə həyata keçirilir. Ox üzrə propeller hidroturbini diaqonal, ox və radial tipli istiqamətləndirici aparatlı olur. Radial oxlu hidroturbinlərin işçi çarxında suyun istiqaməti əvvəlcə oxa nəzərən radial istiqamətdə, sonra isə ox istiqamətində olur. Radial oxlu hidroturbinə su spiral kameradan daxil olur və sorma borusu əyilmiş şəkildə hazırlanır. Radial oxlu hidroturbinlər bütün hidroturbinlərin içərisində ən böyük f.i.ə.-yə malik olur.