Buna səbəb reduktor ötürməsinin olması, müxtəlif növ sürtgü yağlarından istifadə edilməsidir. Buradan
aydın olur ki, külək elektrik stansiyalarının f.i.ə. qiyməti çox da böyük olmur. Vindrotorlu elektrik
stansiyalarının işinin səmərəliliyi küləyin istiqamətindən asılı deyil. Bu elektrik stansiyalarında
rotorun fırlanma sürətinə məhdudiyyət qoymaması onların bütün küləkli günlərdə, hətta fırtına vaxtı da
işləməsinə imkan verir. Küləyin düzgün keçməsini təmin edən rotor-stator sisteminin elektrik sxeminin və
generatorunun düzgün seçilməsi küləyin kinetik enerjisinin mexaniki enerjiyə çevrilməsininf.i.ə.
qiymətini 39 ÷ 42 %, mexaniki enerjinin elektrik enerjisinə çevrilməsinin f.i.ə. qiymətini isə 90÷94%-ə
qədər artırmağa imkan verir. Bu tip külək elektrik stansiyalarının digər müsbət cəhəti də generatorun,
elektrik sxeminin və akkumulyatorun yerin səthi səviyyəsində yerləşdirilməsidir.
Külək elektrik stansiyası tək və elektrik sistemi ilə birlikdə işləyə bilər. Külək elektrik stansiyaları
sabit və dəyişən cərəyan istehsal edə bilir. Sabit cərəyan istehsal edən stansiyaların gücü adətən,
0,1÷3 kVt arasında olur. Bunlardan elektrik akkumulyatorlarını doldurmaq və aqreqatın yaxınlığında
yerləşən ayrı-ayrı binaların, fermaların və s.-nin işıqlandırma məqsədləri üçün istifadə edilir. Sabit
cərəyan istehsal edən daha güclü elektrik stansiyalarına adətən təsadüf olunmur. Bu, sabit cərəyanın
uzaq məsafəyə ötürülməsi məqsədilə transformasiya oluna bilməməsi, 3÷5 kVt gücündə olan elektrokimyəvi
batareyaların istifadəsinin səmərəli olmaması və belə stansiyaların digər elektrik stansiyaları ilə
paralel işləyə bilməməsi ilə əlaqədardır.
Dəyişən cərəyan istehsal edən külək elektrik stansiyaları isə bu çatışmazlıqlara malik deyil. Burada
həmçinin sadə və ucuz asinxron mühərriklərdən istifadə olunur. Dəyişən cərəyan istehsal edən külək
elektrik stansiyaları adətən üç növ olur.