Giriş
Son illərdə dünyanın inkişaf etmiş ölkələri öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafda əsas məqsəd ətraf mühiti qorumaqla insanların ehtiyacları üçün mövcud resurslardan istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslar istifadə olunarkən yalnız hazırkı vəziyyət deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır. Müasir dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq, onda davamlı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Davamlı enerji siyasəti iki əsas istiqamətdən ibarətdir. Bunlardan biri alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, digəri isə enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması siyasətləridir. Ənənəvi enerji resurslarının emalı nəticəsində ətraf mühitə verilən ziyan, bu resursların tükənməsi və ölkələrin enerji təhlükəsizliyini təmin etmək istəmələri davamlı enerji siyasətinin hər iki istiqaməti ilə bağlı tədqiqatların və layihələrin artmasına gətirib çıxarmışdır. Davamlı enerji siyasətinə toxunarkən bu konsepsiyanın aşağıda göstərilən “əkiz sütunları”na diqqət yetirmək önəmlidir:
➢ | Bərpa olunan enerji |
➢ | Enerji səmərəliliyi |
Alternativ enerji mənbələri(AEM) vasitəsilə alınan enerji insanların istifadəsi nəticəsində tükənə bilməz və bu, ətraf mühitin qorunması üçün də olduqca vacibdir. Bundan başqa, dünya ölkələri bu enerji mənbələrindən istifadə etməklə, ənənəvi enerji mənbələrindən istifadəni azalda bilər, iqtisadi diversifikasiyaya şərait yaradar və gələcək enerji təhlükəsizliyini təmin edərlər.