5. Külək turbinləri (KES)
Küləyin enerjisi onun sürətinin kubu ilə düz mütənasibdir. Ancaq təəssüf ki, külək enerjisinin heç də hamısını faydalı istifadə etmək olmur. Nəzəri hesablamalara görə, hava selinin enerjisindən faydalı istifadə əmsalının qiyməti 59,3%-dir. Bu enerjinin də ancaq müəyyən hissəsi faydalı enerjiyə çevrilir. Ən müasir külək qurğularının f.i.ə. 50% ətrafındadır. Külək mühərrikləri külək çarxının konstruksiyasından və külək selindəki işçi vəziyyətindən asılı olaraq üç növə bölünür. Birinci növ külək mühərriklərinin çarxlarının özləri və onların fırlanma müstəviləri küləyin hərəkət istiqamətinə perpendikulyar olub şaquli müstəvidə yerləşir. Onların hərəkət oxu küləyin hərəkət istiqamətinə paralel olur. Bunlar qanadlı (pərli) külək mühərrikləri adlanır. İkinci növ külək mühərriklərinin çarxlarının hərəkət oxu şaquli müstəvidə yerləşib karusel və ya rotor tipli olur. Karusel tipli kürəkləri olan mühərriklərdə qeyri-işçi kürəklər küləkdən şirma vasitəsilə qorunur və ya da qabırğası küləyin əksinə tərəf yerləşir. Rotorlu kürəklər isə Savonius sistemli olur. Üçüncü növ külək mühərriklərinin kürəkləri su dəyirmanlarında olan kimi küləyin istiqamətinə perpendikulyar olub horizontal müstəvidə yerləşir. Bu növ mühərriklər baraban tipli adlanır. Karusel və baraban tipli külək çarxlarının qanadları küləyin əsməsi istiqamətində hərəkət etdiyi üçün onlara düşən yük həmişə dəyişkən olur. Bunun nəticəsində qanadlar həmişə dəyişən yükün təsirinə məruz qalır və onların f.i.ə. 10%-dən çox olmur. Qanadlar külək ilə eyni istiqamətdə hərəkət etdiklərindən onların hərəkət sürəti küləyin sürətindən çox ola bilmir və ona görə də bu tip mühərriklərdə yüksək sürət almaq olmur. Digər tərəfdən isə, istifadə edilən hava selinin ölçüsü kürəyin ölçüsünə nisbətən çox az alınır və bu da faydalılığı azaldır. Savonius sistemli rotorlu külək mühərriklərinin f.i.ə. isə 18%-dən çox olmur. Külək mühərrikinin əsas hissəsi olan külək qəbulediciləri küləyin enerjisini qaldırıcı qüvvəyə və ya müqavimət qüvvələrini dəf etməyə imkan verir.