Sahəsindən asılı olaraq, parabolik konsentratorlar bütöv və ya faset tipli güzgülərdən hazırlana bilir. Tökmə şüşədən hazırlanan güzgülərdə dəqiqlik daha yüksək olması ilə yanaşı, maya dəyəri də baha olur, lakin istismar və daşınma zamanı müxtəlif çətinliklər meydana çıxır. Faset tipli konsentratorlarda isə açılma bucağının nisbətən kəskin dəyişməsi qayıdan şüaların bir nöqtəyə toplanma dəqiqliyini azaltsa da, iqtisadi cəhətdən daha ucuz və asan başa gəlir. Bu məqsədlə azimutal və zenital günəş izləyici sistemlərlə təchiz olunmuş faset tipli parabolik konsentrator işlənib hazırlanmışdır.
4.3. Günəş kollektorlarında köməkçi qurğular
Günəş kollektorlarının köməkçi hissələrinə aid olan günəş istilik akkumulyatorunun iş prinsipi: istiliyin akkumulyasiyası istiliyin, fiziki və kimyəvi proseslər nəticəsində akkumulyatorda yığılma prosesidir. Akkumulyator istilik izolyasiyasına malik olan istiliyi saxlanma həcmindən, akkumulyasiya edici mühitindən, yəni işçi cisimlərdən yüklənmə və boşalma qurğusundan və digər köməkçi avadanlıqlardan ibarətdir. Akkumulyasiya sistemi akkumulyatorun yüklənməsi üçün enerjinin mənbədən götürülməsi, tələb olunan enerji növünə çevrilməsi və istehlakçıya çatdırılması kimi üsullarla xarakterizə olunur. Günəş istilik akkumulyatorunun ucuz və effektli başa gəlməsi üçün akkumulyasiyaedici material kimi adi çay daşından istifadə edilmişdir. Bu çay daşlarının ölçüsü təqribi olaraq 100200 mm intervalında olmalıdır. Bu istiliyin akkumulyasiyası prosesi üçün enerji balans tənliyini ümumi şəkildə belə yazmaq olar: Edax - Exar= Eak
Burada, Edax -daxil olan enerji; Exar -xaric olan enerji; Eak -akkumulyasiya daxil olan enerjidir.