Buna səbəb kollektorun içərisində istiliyi özü ilə aparan havanın olmaması və ya seyrək olmasıdır.
Şəkil 21: Müxtəlif materialların günəş şüalarını absorbsiya, əksolunması və emissiya miqdarları.
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh.153
Vakuumlu boru kollektorları- Bu borunun içərisində təbəqəşəkilli absorberə sarınmış istilik borusu yerləşir. İstilik borusunun içərisində temperatura həssas maddə, məsələn, metanol yerləşdirilir. Günəş şüaları absorberin üzərinə düşərək onu qızdırır. İstilik buradan absorberin əhatə etdiyi istilik borusuna verilir və onun içərisindəki metanolu buxarlandırır. Metanol buxarı istilik borusunun yuxarısı ilə hərəkət edərək onun sonunda yerləşmiş istilikdəyişdiriciyə- kondensatora daxil olur. Burada metanol buxarı dövr edən istilikdaşıyıcı vasitəsilə soyudulur və kondensatlaşır. Alınmış kondensat istilik borusunun aşağı hissəsi ilə geriyə- yenidən istilik borusuna axır və proses təkrarlanır. Prosesin təkrarlanması üçün vakuumlu boru kollektoru mütləq maili şəkildə yerləşdirilməlidir. Qeyd etmək lazımdır ki, atmosferdəki hidrogen molekullarının çox kiçik olması səbəbindən müəyyən vaxt ərzində kollektora nüfuz edərək oradakı vakuumu pisləşdirir. Ona görə də bu prosesə maneə törətmək üçün kollektorun içərisində qazuducu yerləşdirilir.