Növündən asılı olaraq çox və ya az dərəcədə nazik kristallik struktura malikdir. Parafinlərin əsas səciyyəvi xüsusiyyətləri - rəngsiz, iysiz, yarışəffaf olmasından və 45 dərəcədən yuxarı temperaturda əriməsindən ibarətdir. Etan - təbii və neft-zavod qazlarının axınlarından ayrılan qazabənzər təbii karbohidrogendir (C2H6). Təbii qaz kondensatları - separatorlarda və ya qaz emalı zavodunda təbii qazdan çıxarılmış maye və ya mayeləşdirilmiş karbohidrogenlərdir. Bu kondensatların tərkibinə etan, propan, butan (normal və izobutan), (izo) pentan və pentanlar və daha ağır karbohidrogenlər daxildir. Təbii qaz kondensatlarını mayedən ayrılan buxarın yaratdığı buxarlanma təzyiqinə görə aşağıdakı kimi təsnifləşdirmək olar. Aşağı buxarlanma təzyiqi olan təbii qaz kondensatı kondensat, orta buxarlanma təzyiqli qaz benzini, yüksək buxarlanma təzyiqi olan təbii qaz kondensatı isə mayeləşdirilmiş neft qazı (7-ci sütunda göstərilir) adlandırılır. Bundan əlavə, digər neft məhsulları qrupuna qudron, qatran, kükürd, habelə benzol, toluol və ksilol kimi ətirli birləşmələr və neft emalı zavodlarında istehsal edilən olefinlər (məsələn, propilen) və sair neft məhsulları aiddir.
19-cu sütun “Təbii qaz” yeraltı yataqlarda maye və qaz halında və əsasən, metan qazından (CH4) ibarət olan qazları əhatə edir. Ona yalnız qazşəkilli karbohidrogenlərdən ibarət olan yataqlardan hasil edilən “qeyri-səmt” qazı və xam neftlə birgə hasil edilən “səmt” qazı daxildir. Mayeləşdirilmiş təbii qaz da bu sütunda uçota alınır. Mayeləşdirilmiş təbii qaz - normal atmosfer təzyiqində təqribən -160 Selsiyədək soyudularaq maye halına kondensasiya olunmuş təbii qazdır. Mayeləş- dirilmiş təbii qaz rəngi və iyi olmayan qeyri-toksik mayedir.
20-ci “Törəmə qazlar” sütununda aşağıdakı qazlar haqqında ümumi məlumat verilir. Domna qazı domna sobasının işi zamanı əlavə məhsul kimi yaranır; o, domna sobasının çıxışında ayrılaraq yığılır və bir hissəsi müəssisədə, bir hissəsi isə polad əritmə proseslərində və ya onun yandırılması üçün quraşdırılmış enerji qurğularında istifadə olunur.