Müvafiq olaraq, ümumi istifadədə olan avtomobil yolları ilə müəssisələrin nəqliyyat vasitələri (və ya icarəyə götürdükləri) ilə daşınmalarına sərf edilmiş yanacağın miqdarı nəqliyyatın son istehlakı kimi 7.1.2.1 sətirdə əks etdirilir. Nəqliyyatın (sətir 7.1.2) beş növü - avtomobil, dəmiryolu, daxili hava, daxili su və boru kəməri nəqliyyatına ayrılır. Avtomobil nəqliyyatı (sətir 7.1.2.1) üzrə ümumi istifadədə olan yollarda hərəkət zamanı nəqliyyat vasitələrinin bütün növləri tərəfindən istehlak edilmiş yanacağın miqdarı göstərilir. Ümumi istifadədə olan avtomobil yollarından kənarda istifadə olunmuş yanacaq (yükləmə-boşaltma işləri, kənd və meşə təsərrüfatının ehtiyacları üçün daşınmalar və s.) daxil edilmir. Dəmiryolu nəqliyyatı (sətir 7.1.2.2) üzrə sərnişin və yük daşınmaları, şəhər elektrik nəqliyyatı (metro, tramvay, trolleybus) üzrə sərnişin daşınmaları, habelə hərəkət heyətinin manevr əməliyyatları zamanı lokomotivlərin hərəkəti üçün istifadə edilmiş bütün neft məhsulları və elektrik enerjisinin miqdarı göstərilir. Daxili hava nəqliyyatında (sətir 7.1.2.3) istifadə olunmuş yanacaq göstərilir. Ölkə daxilində hərbi aviasiyanın yanacaq sərfiyyatı ölkədaxili aviadaşımalara daxil edilir. Beynəlxalq reyslər üzrə hərəkət edən hava nəqliyyat vasitələrinin yanacaq çənlərinə doldurulmuş yanacaq isə 1.4.2-ci sətirdə “Təyyarələrin yanacaq çənləri üzrə” göstərilməlidir. Növbəti enmə məntəqəsi xarici hava limanı olan bu və ya digər uçuş beynəlxalq uçuş hesab edilir. Daxili gəmiçilik, yəni Xəzər dənizində kabotaj əlaqə üzrə yerinə yetirilən reyslərdə gəmilərdə (balıqçılıq gəmiləri istisna olmaqla) istifadə edilmiş yanacağın miqdarı sətir 7.1.2.4-ə göstərilir. Boru kəməri nəqliyyatının (sətir 7.1.2.5) fəaliyyətinin təmin edilməsində kompressor və (və ya) nasos stansiyaları tərəfindən istehlak edilmiş yanacaq və elektrik enerjisinin miqdarı göstərilir.