Enerji balansının “Aşağı blok” hissəsi. 7-ci sətir“Son istehlak”. Enerjinin son istehlakçılarına verilən energetika məhsulları son istehlak adlandırılır və (transformasiyaya uğramış) energetika məhsulları və (və ya) energetika sahələrində xüsusi sərfiyyat kimi istehlak olunmuş məhsullar son istehlaka daxil deyil. Müxtəlif yanacaqların son istehlakı onlardan qızdırılma və qeyri-energetika məqsədli istifadəni nəzərdə tutur. Son istehlak sektorunda energetika məhsulları uçotdan tamamilə çıxır, yəni transformasiya nəticəsində bu və ya digər energetika məhsuluna çevrilmir. Bu məhsullar enerjinin transformasiyası (çevrilməsi) prosesinə daxil olmur və onlardan müəssisələrin və ev təsərrüfatlarının müxtəlif fəaliyyətini təmin etmək üçün istifadə edilir. Son istehlak sektoru iki: a) energetika məqsədli son istehlak və b) qeyri-energetika məqsədli son istehlak altbölmələrindən ibarətdir və onun məlumatları 7.1 və 7.2 sətirlərin məlumatlarının toplanması ilə müəyyənləşdirilir.
7.1-ci sətir “Energetika məqsədli son istehlak” üç iri qrupun - sənaye və tikinti; nəqliyyat və iqtisadiyyatın digər sahələri üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır. Sənaye və tikinti sahələrinin adları (7.1.1.1-7.1.1.13-cü sətirlər) İqtisadi Fəaliyyət Növləri Təsnifatına uyğun olaraq göstərilmişdir. Energetika sənayesi transformasiya sektorunda nəzərə alındığı üçün balansın bu hissəsində uçota alınmır. Sənaye müəssisələri istilik enerjisinin əldə edilməsi üçün energetika məhsullarından: öz ehtiyaclarının ödənilməsi üçün qeyri-energetika məqsədilə; nəqliyyat məqsədləri üçün; satış üçün elektrik və istilik enerjisi istehsal etmək məqsədilə istifadə edir. Sənaye müəssisələrinin nəqliyyata, satış üçün elektrik və istilik enerjisi istehsalına sərf etdiyi yanacaq enerjisinin son istehlakı olmadığı üçün balansın bu sektorunda əks etdirilmir. Əgər bu və ya digər sənaye müəssisəsi satış məqsədilə elektrik və ya istilik enerjisi istehsal edirsə, həmin elektrik və ya istilik enerjisi istehsalına sərf edilmiş yanacaq məhsullarının miqdarı sənaye sektoru (sətir 7.1) məlumatlarından xaric edilir və “transformasiya sektorunun prosesləri”ndə (4-cü sətir) göstərilir.