Balıqçılıq gəmilərinin istifadə etdikləri yanacaq bu sətrə daxil edilmir. Balansda bu sətrin məlumatları " - " işarəsi ilə qeyd edilir.
1.5- ci sətir “Ehtiyatların dəyişməsi”. Enerji balansının tam bitmiş hesabat dövrü üzrə hesablanan elementlərindən (istehsal, istehlak, idxal və s.) fərqli olaraq, ehtiyatların səviyyəsi müəyyən vaxt anına ölçülür. Ehtiyatların dəyişməsi hesabat dövrünün əvvəlində olan ehtiyatlardan hesabat dövrünün sonunda olan ehtiyatları çıxmaqla hesablanır. Hesabat dövrünün sonunda ehtiyatlar artdıqda rəqəm " - " işarəsi ilə yazılır. 1-ci sətir “Ümumi enerji təchizatı” enerji məhsulları ilə təchiz olunan mənbələrin, yəni balansın 1.1-1.5-ci sətirlərinin məlumatlarının toplanılmasından formalaşır. 2-ci sətir “Statisik fərq”-ümumi enerji təchizatı ilə bütün energetika məhsullarının istehlakı arasında alınan fərqdir. Ümumi enerji təchizatının miqdarından (1-ci sətir) enerjinin transferləri (3-cü sətir), transformasiya sektorunun prosesləri (4-cü sətir), energetika sektorunun daxili istehlakı (5 sətir), itkilər (6 sətir) və son istehlakın (7-ci sətir) cəmi çıxıldıqdan sonra yaranan fərqdir. Statistik fərqin qiyməti mənfi işarə ilə də ola bilər. “Statistik fərq” sətrinin məlumatları balans məlumatlarının keyfiyyətini qiymətləndirməyə imkan verən əsas meyardır. Belə ki, elektrik enerjisi və ya təbii qaz kimi əsas enerji daşıyıcıları üzrə statistik fərq 1%- dək azəhəmiyyətli, istehlakın strukturunda cüzi paya malik olan enerji daşıyıcıları üzrə isə 10%-dək olmasına yol verilir.
Enerji balansında “Orta blok” 3-cü sətir “Transferlər” (yerdəyişmələr) - praktiki təsnifetmə və enerji məhsulunun istifadəsi və ya müəyyən olunmasında dəyişikliklər səbəbindən yaranan təqdimat məsələlərinin öhdəsindən gəlmək məqsədilə enerjini sütunlar arasında hərəkət etdirmək üçün əhəmiyyətli olan statistik üsuldur. Yerdəyişmələr, məsələn, hazır neft məhsulu neft emalı zavodlarında xammal kimi idxal olunduqda vacib sayılan - neft məhsullarının adlarının dəyişdirilməsini və uzun müddət öz ilkin xassələrinə uyğun gəlməyən məhsulların adlarının dəyişdirilməsini əhatə edir.