Azərbaycanın mövcud energetika xüsusiyyətlərinə uyğun olaraq ölkənin milli enerji balansına 23 məhsul növü və 5 məhsul qrupu (1, 5, 18, 20 və 26-cı sütunlar) daxil edilmişdir. Azərbaycanın milli enerji balansının modeli, yerli xüsusiyyətlər nəzərə alınmaqla BMT-nin tövsiyələrinə və enerji balanslarının vahid strukturuna əsaslanmışdır.
Enerji balansının “Yuxarı blok” hissəsi. 1.1-ci sətir -“İlkin enerji məhsullarının istehsalı”. Bütün energetika məhsulları ilkin və təkrar (ikinci) məhsullara bölünür. Təbii resurslardan birbaşa alınan və ya ayrılan məhsullar ilkin (xam neft, təbii qaz, su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və s.), ilkin energetika məhsulu olmayan, lakin ilkin məhsullardan istehsal edilən qalan energetika məhsulları (neft emalı məhsulları, istilik elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və s.) təkrar məhsullar adlandırılır.
1.2 və 1.3-cü sətirlər “İdxal” və “İxrac”. İdxal və ixrac həcmləri Azərbaycanda yaşayan şəxslər və ya fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilən əqdlərin nəticəsində ölkəyə daxil olan və ölkədən çıxarılan məhsulların miqdarıdır. Yüklərin gömrük orqanlarında rəsmiləşdirilməsinin baş verib-verməməsindən asılı olmayaraq, idxal- ixrac əməliyyatları məhsulun ölkənin milli sərhədlərini keçmə anında baş vermiş hesab edilir. Ölkə ərazisindən tranzitlə keçən energetika məhsulları (elektrik enerjisi).
1.4- cü sətir “Beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulmuşdur”. Burada hansı ölkədə qeydiyyatdan keçməsindən asılı olmayaraq, beynəlxalq reyslər həyata keçirən gəmi (1.4.1 sətir) və təyyarələrin (1.4.2 sətir) (hərbi gəmi və təyyarələr daxil olmaqla) yanacaq çənlərinə Azərbaycanda doldurulmuş yanacağın miqdarı göstərilir. Dəniz gəmilərinin istifadə etdiyi yanacaq (donanma mazutu və s.) gəmi tərəfindən daşınan yükün bir hissəsi sayılmır.