Bu sektorda yük daşıması və enerji istehlakı son illərdə kəskin artmışdır. 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji miqdarı aşağıdakı diaqramda verilmişdir. Göründüyü kimi, enerji istehlakında ən böyük pay avtomobil benzininə məxsusdur. Enerji istehlakında digər yerləri isə dizel yanacağı, ağ neft tipli reaktiv mühərrik yanacağı, elektrik enerjisi, mayeləşdirilmiş neft qazları və yanacağın sair növləri tutur. Sənaye sektoru son enerji istehlakına görə Azərbaycanda üçüncü yerdədir. Bu sektorda ən böyük payı neft sektoru təşkil edir. Şəkildə göstərildiyi kimi, son enerji istehlakından başqa ümumi enerji təchizatının əsas hissələri transformasiya sektorunun prosesləri, itkilər və energetikanın daxili istehlakından ibarətdir.
Şəkil 10: 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji miqdarı və enerji resurslarının bölgüsü
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Transformasiya proseslərinə sərf olunan enerji enerji resurslarının elektrik enerjisinə çevrilməsi zamanı istifadə olunan enerjidir. Azərbaycanda 2007-ci ildə bu proseslərə sərf olunan enerji ümumi enerji təchizatının 29,1%-ni təşkil etmişdisə, 2011-ci ildə bu 23,2%-ə qədər azalmışdır. Energetika sektorunun daxili istehlakı transformasiya proseslərindən əlavə olaraq, elektrik və istilik enerjisi istehsal etmək üçün istifadə olunan enerji miqdarıdır.