Son istehlakdan sonra ikinci ən böyük payı isə 23,2%-lə transformasiya sektorunun prosesləri tutur. Transformasiya prosesləri təbii enerji resurslarının elektrik və istilik enerjisinə çevrilməsi prosesləridir. Bu sahədə son illərdə, əsasən, azalma müşahidə olunmuşdur ki, bu da energetika sektorunda aparılan islahatlarla əlaqəlidir. 2011-ci ildə ümumi enerji təchizatında itkilər və energetika sektoru müvafiq olaraq 9% və 7,5% təşkil etmişdi. İtkilərin payı son üç il ərzində azalsa da, Avropanın inkişaf etmiş ölkələriylə müqayisədə hələ də xeyli böyük paya sahibdir.
Azərbaycanda enerji məqsədilə son istehlak 2011-ci ildə 7290,4 min ton neft ekvivalenti təşkil etmişdir. Enerji məqsədi ilə son istehlakın 2007- 2011-ci illər üzrə dinamikası və bölgüsü aşağıdakı diaqramda göstərilmişdir.
Şəkil 8: 2007-2011-ci illər üzrə Azərbaycanda enerji məqsədi ilə son istehlak
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Azərbaycanda ən çox enerji istehlak edən sektor ev təsərrüfatlarıdır. Ev təsərrüfatlarının enerji məqsədli son istehlakda payı təxminən 50%-ə bərabərdir. Nəqliyyat sektorunun son istehlakda payı artan dinamikayla müşahidə olunur. 2011-ci ildə bu pay 27%-ə bərabər olmuşdur. Bunun əksinə olaraq, sənaye sektorunun payında 2009 və 2010-cu illərdə azalma müşahidə edilmişdir və 2011-ci ildə13%-ə bərabər olmuşdur.