Bu materiallarda xüsusi p-n keçidi tərəfindən işığın udulması elektrik cərəyanı yaradır. Fotoelementlərdən minlərlə kvadrat metr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları qurmaq mümkündür. Günəş enerjisinin Günəşin sutkalıq və mövsümi dövriyyəsindən asılı olmaması üçün alınan elektrik enerjisini elektrik akkumulyatorları ilə və ya metalhidrid akkumulyatorlarında hidrogen şəklində toplamaq mümkündür. Hesablamalara görə, Günəş energetik qurğularının 50-ci enliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq, demək olar ki, bu regionda Günəş energetikasının inkişafı daha perspektivlidir.
Respublikamızın təbii iqlim şəraiti Günəş enerjisindən istifadə etməklə elektrik enerjisinin istehsalına geniş təbii imkanlar verir. Belə ki, günəşli saatların miqdarı ABŞ-da və Orta Asiyada 2500-3000 saat, Rusiyada isə 1500-2000 saat, Azərbaycan ərazisində isə 2400-3200 saatdır. Əldə olunan statistik və təcrübi məlumatların araşdırılması göstərir ki, Azərbaycan ərazisində Günəş enerjisindən istifadə olunması iqtisadi cəhətdən əlverişlidir. Dünyanın müxtəlif şəhərləri üçün 1 m2 sahəyə düşən insolyasiyanın miqdarı:
➢ | Budapeşt-1,38/MVt/; |
➢ | Moskva-1,01/MVt/; |
➢ | St.Peterburq-0,93/MVt/; |
➢ | San-Fransisko-1,39/MVt/; |
➢ | Bakı - 1,40/MVt/. |
Günəş enerjisindən passiv və aktiv qurğuların vasitəsi ilə istifadə etmək mümkündür. Passiv sistemlərdə Günəş enerjisi şüalanmanın, istilikkeçirmənin və təbii ventilyasiyanın köməyi ilə ötürülür. Bu sistemlər sadə olmaqla, istismar zamanı etibarlı və iqtisadi cəhətdən səmərəli işləyirlər.