Təbii qaz idxalına görə də ölkələr arasında ciddi fərqlər mövcuddur. Dünyada ən böyük təbii qaz idxal edən ölkələr ABŞ (55 mlrd. m3), Yaponiya (116 mlrd. m3), Almaniya (68 mlrd. m3), İtaliya (70 mlrd. m3), Ukrayna (44 mlrd. m3), Fransa (41 mlrd. m3), Cənubi Koreya (47 mlrd. m3), İspaniya (34 mlrd. m3), Türkiyədir (43 mlrd. m3). Daha geniş həcmli istehlak artımı meylləri Azərbaycanın inteqrasiya olunduğu Avropa məkanı ilə bağlıdır. Dünya bazarında hər il təxminən 600 mlrd. m3 qaz ixrac olunur və ən böyük qaz ixrac edən ölkələr məlum olduğu kimi Rusiyadır (196 mlrd. m3). Kanada (63 mlrd. m3), Əlcəzair (49 mlrd. m3), Türkmənistan (29 mlrd. m3), İndoneziya (46 mlrd. m3), Malayziya (22 mlrd. m3) isə müvafiq olaraq növbəti yerləri bölüşdürürlər.
Dünya iqtisadiyyatının inkişafında xüsusi rol oynamış enerjidaşıyıcılarından olan daş kömür əhəmiyyətini hələ də qoruyub saxlayır. Kömürün mümkün nəzəri ehtiyatları 15 trilyon ton olaraq hesablanır və onun istifadə olunan enerjidaşıyıcılarının ümumi balansındakı xüsusi çəkisi təxminən 20 faizdir. Daş kömürün ehtiyatı dünyada neft və təbii qaza nisbətən iki-üç dəfə çoxdur. Dünya ölkələri arasında isə daş kömürün istehsalına görə əsas yerləri Çin (45,9 faiz), ABŞ (12,9 faiz), Avstraliya (5,3 faiz) və Hindistan (7,5 faiz) tutur. Digər yerləri müvafiq olaraq Rusiya(4,3 faiz), Qazaxıstan (1,5 faiz), Cənubi Afrika (3,3 faiz) və digərləri tutur. Xəzər regionu ölkələrindən isə, əsasən, Rusiya ən çox daş kömür ehtiyatına sahibdir və onun illik daş kömür ixracı 99 mln. ton təşkil edir. Azərbaycanda isə çox cüzi də olsa qonur kömür və şist var.
Daş kömürlə yanaşı, müasir qlobal yanacaq-enerji balansında yanar şistlərdən istifadə potensialı da genişlənir. ABŞ-ın geoloji xidmətləri dünyanın yanar şist və qumdaşı neft ehtiyatlarının 700-800 milyard ton civarında olduğunu bəyan edirlər. Bu ölkənin "Qayalı dağlar" silsiləsində konsentrasiya olunan süxurlarda 270 milyard ton neftə bərabər toplunun olduğu göstərilir ki, bu da dünya neft ehtiyatlarından azı 2 dəfə çoxdur.