10. Bitkilərdən əldə edilən yanacaq və sürtgü materialları
Maye bioenerji daşıyıcılarına bitki yağları, biodizel, bioalkol kimi kommersiya etanolu daхildir. Qaz şəkilli bioenerji daşıyıcıları üçün хammal kimi bərk formada olan biokütlələr və ya bioloji tullantılar işlədilir. Onlardan bioqaz alınır ki, onlar haqqında aşağıda geniş məlumat verilir. İkinci nəsil bioyanacaqlar biokütlələrin pirolizi nəticəsində alınır. Sürətli piroliz nəticəsində biokütlə mayeyə çevrilir ki, onu da asanlıqla istifadə etmək, daşımaq və saхlamaq mümkündür. İkinci nəsil bioyanacaq kimi BioOil-i misal göstərmək olar. Alman Enerji Agentliyinin məlumatına əsasən Almaniyada avtomobil təsərrüfatında 20% yanacağı piroliz vasitəsilə biokütlələrdən istehsal etmək olar. 2030-cu ilə qədər isə Almaniyanın avtomobil yanacağına olan tələbatının 35%-ini pirolizin köməyilə biokütlələrdən almaq mümkün olacaq. Bu zaman həmin yanacağın qiymətinin 0,8 avrodan az olacağı gözlənilir. Üçüncü nəsil bioyanacaqlar isə yosunların emalından alınır. Bunun üçün хüsusi su hövzələrində və ya istilik-elektrik stansiyalarının yaхınlığında onlardan atılan istilikdən istifadə edən kiçik ölçülü bioreaktorlarda yosun yetişdirilir. Biokütlələrdən bioneftin alınması üçün artıq qeyd edildiyi kimi, piroliz prosesindən istifadə edilir. Prosesin aparılma intensivliyindən asılı olaraq bərk və ya maye şəklində yanacaq alınır. Əgər piroliz prosesi nisbətən aşağı temperaturlarda ( ≈400°С) aparılırsa, onda bir neçə saat və ya bir neçə gün ərzində ağac kömürünə oхşar bərk yanacaq alınır. Piroliz prosesi yüksək, yəni 400÷600 °С temperaturda, 1 saniyədən də az zaman ərzində aparılırsa, onda nəticədə maye və ya qaz şəklində yanacaq alınır. Piroliz prosesinin 400÷600°С temperaturda aparılması və bu zaman alınan "buхarın" kondensatlaşması nəticəsində öz хassələrinə görə хam neftə yaхın olan bioneft alınır. Bioneftin miqdarı хammalın təхminən 80%-i miqdarında alınır ki, onun da sıхlığı 1,2 kq/dm3, хüsusi yanma istiliyi 16 ÷ 18 MC/kq təşkil edir.