Şəkil 32: Bioqaz alınan qurğunun sxemi.
1. Xammal doldurulmuş fermentator çalası; 2. Zəng; 3. Çıxış-qol borusu; 4. Bioqaz verilən boru şlanqı; 5. Su doldurulmuş hidrosürgü kanalcığı
Mənbə: Bioqaz istehsalı və tullantısız (aztullantılı) texnologiyaların kənd təsərrüfatında tətbiqi, Mövzu 21, səh. 5
Zəngşəkilli qurğunun şaquli hissəsi bu hissədə sürüşərək rezervuarı hermetik bağlayır. Qaz hündürlüyü 2,5 m olan zəng qurğusunun yuxarı hissəsində toplanır. O, qalınlığı 2 mm olan təbəqə dəmirdən hazırlanır. Kanalcıqdakı suyun axar olması onun qış vaxtı donmasının qarşısını alır. Fermentator təxminən 12 m3 təzə peyin ilə doldurulur, üzərinə mal sidiyi əlavə edilir (su qatılmır). Generator 7 gündən sonra fəaliyyətə başlayır. Bəzən bu qurğuya orijinal konstruksiya əlavə edilir. Fermentatora bir-biri ilə T - şəkilli şlanq vasitəsilə birləşdirilmiş 3 ədəd traktor təkəri kamerası əlavə edilir. Gecə bioqazdan istifadə edilmədiyindən, o, zəngdə yığılır. Bu zaman onun ifrat təzyiq nəticəsində çevrilməsi təhlükəsi yaranır. Rezin rezervuar əlavə tutum funksiyasını daşıyır. Fermentatorun fəaliyyətinə optimal şəraitin təmin edilməsi üçün peyin isti su ilə qarışdırılır, xammalın rütubətliliyinin 90%, temperaturunun isə 30-35°C qiymətində ən yaxşı nəticə alınır. Fermentatorun qızdırılması üçün istixana effektindən istifadə edilir.