V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz
sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf
çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan
nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz-özünə
hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına
tıxac qoymalıdır.
VI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır:
1) Dayanmanın qadağan edildiyi yerlərdə;
2) Yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində;
3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə;
4) Dəmir yol keçidlərinə 50 metrdən az yaxınlıqda;
5) Girişin, habelə darvaza qarşısında;
6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir
zonalarında.
VII. Dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat
vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir.
VIII. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə
yaradarsa, onları açmaq qadağandır.
IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni
istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat
vasitəsini qoyub gedə bilər.
A.3.4 Yolayrıcının keçilmə qaydaları
I. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan
piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan
velosipedçilərə yol verməlidir.
II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu
sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə
yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
III. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən
yolayrıcı nizamlanan hesab edilir.
IV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı
olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan
yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas
tutaraq hərəkət etməlidirlər.
Praktik tapşırıq A.3.1 – NV-nin hərəkətə başlamasına dair tapşırıqların yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Yol nişanlarının maqnitli maketləri;
- Təlim stendi;
- Xüsusi təlim meydançası.