VII. Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün
svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər.
VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə
bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı
rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı işıqforlar
tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti müvafiq sürətdə
qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə
aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun
yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər
iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları
yanmadıqda, bu zolağa girmək qadağandır.
IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış
zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün "T" hərfi
şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal işıqforları tətbiq
edilə bilər. İşıqforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və ya bir
neçə siqnal - hərəkətə icazə verir. Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal yananda -
sola, ortadakı yananda - düzünə, sağdakı yananda - sağa hərəkət etməyə icazə verir.
Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, hərəkət qadağandır.
X. Dəmir yol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin
keçiddən keçib getməsinə icazə verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı siqnal
olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin, drezinanın)
olmadığı halda hərəkətə icazə verir.
İşıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi:
I. İşıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün
məcburidir.II. İşıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər
nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa,
piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında),
piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar:
1) Yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında;
2) Dəmir yol keçidi qarşısında;
3) Başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə
yaratmadan işıqfor və ya nizamlayıcı qarşısında.
III. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır.
IV. İşıqforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat
vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən
edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.
Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu, mümkün
olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində
dayanmalıdırlar.
V. Nizamlayıcının siqnalları və göstərişləri işıqforun siqnallarına, yol nişanlarının və
nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara
və göstərişlərə əməl etməlidirlər.