Sükan çarxının tutulması da təhlükəsizliyin təmin edilməsində əsaslı rol oynayır.Sükan çarxını saat şkalasına (siferblata) bənzətsək, onda sürücü düzünə hərəkət vaxtı onun sol əli 9-10 arası, sağ əli isə 2-3 arasında tutulmuş olmalıdır. Sükan kolonkasını da vəziyyətə uyğun nizamlamaq mümkündür. Sürücü şəraitə uyğun kolonkanı nizamlamaq üçün nəzərdə tutulan tənzimləyicidən istifadə etməklə onun maillik bucaqlarını tənzimləməyi bacarmalıdır. Yadda saxlamalı, NV-nin sükan çarxını tək əllə tutaraq onu idarə etmək olmaz, bu, təhlükəsizlik baxımından çox qorxulu bir idarə “üsuludur”. Adətən sükan çarxının tutulmasında sürücülər üç üsuldan çox istifadə edirlər: sükan çarxının qapalı tam tutulması (a), tam tutulmayan (b) və açıq tutulma (v). Sükan çarxının qapalı tam tutulması ən düzgün hesab edilir, lakin tam tutulmayan üsuldan da şəraitə uyğun istifadə edilir. Sükan çarxının açıq tutulması isə yolverilməz hesab edilir və çox təhlükəlidir.
Nəzərə alsaq ki, sürücü hərəkət vaxtı qarşılaşacağı hər cür situasiyalara qarşı hazır olmalıdır, deməli sükan çarxının qapalı, tam tutulması məsləhətdir. Sükan çarxının tam olmayan tutulmasına traktor çox aşağı və hamar yolla hərəkət edərkən icazə verilir.
Sükan çarxının açıq tutulması qeyd edildiyi kimi yolverilməzdir.
Sürücü oturacaqda oturduqda onun ayaqlarının dizdən aşağı necə bükülməsinin çox böyük əhəmiyyəti var. Sürücünün ayaqları dizdən aşağı nə qədər az qatlanıbsa, o, pedalları tez və təhlükəsiz idarə edə bilər. Odur ki, sürücü sükan arxasına əyləşdikdə deyilən amili nəzərə alaraq oturacağın vəziyyətini istehsalçı müəssisənin bu məqsəd üçün quraşdırdığı oturacağı tənzimləmə dəstəyinin köməyi ilə özünə uyğun vəziyyətə gətirə bilir.
Şəkildəki birinci oturuş normaldır və sürücülər sükan çarxı arxasında bu cür oturmağa üstünlük verməlidirlər. O biri şəkillərdən də hiss olunur ki, sürücü narahatlıq keçirir. Birinci şəkildə göstərilən kimi oturuş pedalların da işlədilməsində önəmli rol oynayır.
Pedalların idarə edilməsi də sürücünün mükəmməl bilməli olduğu məqamlardan biridir. Belə ki, sol ayaqla mufta pedalını (ötürmələri avtomatik idarə olunan deyilsə), sağ ayaqla isə qaz pedalını və tormoz pedalını sıxırlar.