A.7 Qəza hallarında zərər çəkənlərə ilk
tibbi yardım göstərilməsi qaydaları
Hərəkətin təhlükəsizliyinə əməl etməyən, sürücülüyə adi bir
peşə kimi yanaşanların, peşənin sirlərini tam mənimsəməmiş
NV-ni idarə edənlərin hərəkət vaxtı yol verdikləri səhvlərin
üzündən bəzən yol qəzaları qaçılmaz olur. Bu halda yol
qəzasında zərər çəkmişlərə ilk tibbi yardımın sürücü
tərəfindən onlara göstərilməsi zərərçəkmişləri ölümün pəncəsindən xilas edir. Deməli,
qəzalar zamanı ilk tibbi yardımın göstərilməsi qaydalarını sürücülər bilməlidirlər. Tibbi
yardımlar geniş sahəli əməliyyatlardır. Bizim toxunacağımız və aydınlıq gətirəcəyimiz
tibbi yardım yol-nəqliyyat hadisələri zamanı ən çox rast gəlinən zədələnmələr zamanı ilk
tibbi yardımın zərərçəkmişə necə göstərilməsi olacaq.
Beləliklə, yol-nəqliyyat hadisələri zamanı ən çox rast gəlinən zədələnmələrə misal
olaraq, müxtəlif bədən üzvlərinin zədə (travma) almasını, yanıqları, qanaxmaları və s.
göstərə bilərik.
Travmalar.Toxumalarda və orqanlarda müxtəlif xarici təsirlərdən cürbəcür
zədələnmələr əmələ gəlir. Zədələnmələr iki qrupa bölünür: qapalı və açıq zədələnmələr.
Qapalı zədələnmələrdə dəri və selikli qişaların tamlığı pozulmur, qapalı sınıqlar, çıxıqlar,
müxtəlif əzələ dartılmaları və s. baş verir. Açıq zədələnmələrdə isə müxtəlif xarici
təsirlərdən dərinin, selikli qişanın və onların altındakı yumşaq toxumaların, orqanların
tamlığı pozulur və müxtəlif yaralar əmələ gəlir.
Beyin travmaları. Başın travmalarının hər növü potensial təhlükəli olsa da, ancaq
bəzi
hallarda ağır nəticə baş verə bilər. Huşun itməsi ilə nəticələnən hər hansı baş beyin
travması təxirəsalınmaz tibbi yardım tələb edir. Spirtli içki qəbul etmiş şəxslər baş
travması aldıqda, onlara daha ciddi fikir vermək lazımdır. Ola bilsin ki, sərxoşluq kəllə-beyin
travmalarının təhlükəli simptomlarını pərdələyə bilər. Huşsuz vəziyyətdə olan
zərərçəkəni, onurğanın boyun hissəsinin zədələnməsinə qorxu olduğuna görə çox
hərəkət etdirmək, onun yerini dəyişdirmək olmaz. Belə olan halda təcili tibbi yardımın
gəlməsini gözləmək lazımdır.
Bayılmalar. Başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, qəfil qısamüddətli
huşitirmə ilə nəticələnə bilər. Dərinin avazıması, nəbzin zəifləməsi, tənəffüsün
səthiləşməsi müşahidə olunur. Ətraflar soyuyur, soyuq yapışqan tər hiss olunur.
Şəkil 14. Bayılmalar zamanı ilk tibbi
yardımın göstərilməsi
İlkin yardım: Xəstəni uzandırmaq (aşağı ətrafları
başından bir az hündürdə olmalıdır), dar paltarını və
yaxasını boşaltmaq, təmiz hava vermək, üzünə soyuq
su çiləmək. Ammiakda isladılmış pambığı iylətmək və
onunla gicgahları sürtmək, ətrafları qızdırmaq
lazımdır.
Şok. Əksər hallarda çoxsaylı xəsarət, geniş yanıqlar, müxtəlif preparatlara qarşı
uyğunsuzluq, o cümlədən bəzi tibbi preparatların qəbulu və s. zamanı müşayiət edilən
ümumi reaksiyadır və bu zaman həyati vacib orqanların (əsəb, ürək-damar, tənəffüs)
funksiyası kəskin surətdə pozulur, dərinin ağarması və soyuqlaşması, bəbəklərin
genişlənməsi, nəbzin zəifləməsi, bəzi hallarda qusma, huşun itməsi müşahidə olunur.