Sürücünün dəyanətliliyi onun ustalığı, şəxsi keyfiyyətləri, məlumatı qəbuletmə xüsusiyyəti, bu xüsusiyyətin vaxta və əhatə edən mühitin təsirinə müvafiq olaraq dəyişməsi ilə xarakterizə edilir.
Yolun HH-nə piyadaların çıxması, döngələrdə nəqliyyatın tormozlanması, NV-nin kənar sahələrdən yola çıxması və s. gözlənilməz əməliyyatlar da hərəkət şəraitinin mürəkkəbləşməsinə səbəb olur.
NV-ni idarə edərkən sürücü hərəkətin aktiv və passiv nizamlama vasitələrinə diqqət yetirməlidir.
Aktiv nizamlama vasitələri (işıqforlar, şlaqbaum, ayırıcı zolaqlar, hərəkətin əlavə zolaqları, eyni əhəmiyyətli yolayrıcıları) nəqliyyat axınının hərəkət rejimini bilavasitə dəyişməyə imkan verir.
Passiv nizamlama vasitələri (yol nişanları, HH-nin nişanlama xətləri, döngənin istiqamətini bildirən dirəklər və s. ) daha münasib hərəkət rejimini və trayektoriyasını seçməkdə sürücülərə kömək edir.
Sürücünün NV-ni təhlükəsiz idarə etməsində onun duyğu hissi də böyük əhəmiyyət kəsb edir. Sürücünün duyğu hissi, xüsusilə görmə qabiliyyətində və fizioloji xüsusiyyətlərində müəyyən işləri yerinə yetirməyə maneçilik törədən qüsurların olması müəyyən yol şəraitində hərəkət zamanı yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Hər bir sürücü NV-ni idarə etdikdə öz daxili, insani mədəniyyətindən əlavə, özündə sürücü mədəniyyəti, etikası da əxz etməlidir. Bu keyfiyyətləri özündə cəm edən sürücülər yollarda anlaşılmaz, çıxılmaz vəziyyətlərə düşdükdə bu vəziyyətlərdən özlərini çox məharətlə çıxara bilirlər. Sürücülər bir-birlərinə diqqətli olmalı, lazım gəldikdə güzəşt etməyi bacarmalıdırlar. Məsələn, sürücü hərəkətdə olarkən göstərici nəzarət ölçü cihazlarına (NÖC), yan güzgüyə, yolun kənarında qoyulmuş yol nişanlarına baxdığı müddətdə (1-7 san.) NV-nin hərəkətinə nəzarət etmir və ya yarışüurlu halda nəzarət edir ki, bu da yol şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülməsini tələb edir.
Bəzən sürücünün gözlərində rəng yorğunluğu yarana bilir. Belə hallar çox vaxt uzun müddət qarlı yolla, yaxud günəşin parlaq işığında hərəkət edərkən baş verir. Qırmızı və göy rəngli cisimlər gözdə yorğunluğun artmasına səbəb olur. Gözlərdə rəng yorğunluğu yarandıqda sürücü NV-ni dayandırmalı və istirahət etməlidir.
Gözlərin işıqlanmanın dəyişilmə dərəcəsinə öyrəşməsi uyğunlaşma (adaptasiya) adlanır. Gözlərin uyğunlaşması mühitin işıqlanmasından asılı olaraq iki cür olur: qaranlığa uyğunlaşma; işığa uyğunlaşma.
Gözlərin qaranlığa uyğunlaşma müddəti 30-40 saniyə, işığa uyğunlaşma müddəti isə bir neçə dəqiqə davam edə bilər. Sürücü gözləri qamaşdıqda hərəkət istiqamətini dəyişmədən NV-ni dayandırmalıdır.