Yuvalardakı dənlərin sayı, 1 ha sahəyə düşən dənlərin sayı verilmiş saya
uyğundur, verilmiş saydan yolverilən meyletmə ± 5-6% olmalıdır.
Toxumların zədələnməsi 1-2%-dən artıq olmur.
Cığıraçanın izi elə vərdələnir ki, cərgənin ox xətti yumşaldılmış halda qalır.
Kvadrat-yuva üsulu ilə səpin üçün СКНК-8 asma toxumsəpən maşınlarından istifadə edirlər. СУПН-8 maşınlarından punktir üsulla səpin aparırlar. СКНК-8 toxumsəpən maşını iki pnevmatik dayaq təkəri ilə birlikdə çərçivədən, səkkiz səpici seksiyadan (dörd sağ və dörd sol), sağ və sol düyüntutanlardan, ölçü məftilini sarğacdan açan və ona sarıyan mexanizmdən, bloklama və qoşma mexanizmi ilə birlikdə iki markördən və iki dartıcıdan ibarətdir. Toxumsəpənin iş prosesi aşağıdakı kimidir. Bankalarda olan toxumlar aparatların disklərinin oyuqlarına dolur. Disklər bərabər sürətlə fırlanır və toxumları aparatın dibindəki deşiyə yönəldir. Burada itələyici onları cığıraçanın gövdəsinə keçməyə məcbur edir. Gövdədə toxumları bölüşdürücü iki paya ayırır. Bir pay cığıraçanın sol boşluğuna sol klapana, ikinci pay isə sağ klapana verilir. Sol klapanlar düyüntutanların qabaq çəngəlləri meyl etdikdə açılır. Klapanların açılması və bölüşdürücünün bir vəziyyətindən başqa vəziyyətə dönməsi bir-biri ilə uzlaşdırılmışdır. Sol klapan açılan vaxtda bölüşdürücü sol vəziyyətə keçir və aşağı hissəsi ilə cığıraçanın gövdəsinin sağ boşluğunu qapayır. Cığıraçanın bu yarısında bölüşdürücünün quyruğunda müəyyən toxum payı toplanılır. Sağ klapan açılan vaxt bölüşdürücü sağa dönür, toxumları cığıraçanın sağ boşluğuna atır və quyruğu ilə sol boşluğu bağlayır. Dən klapanları açıldıqda gübrə klapanları da açılır.