2.3 Kultivatorlar
Kultivasiya dedikdə torpağı səthinin yumşaldılması, alaq otlarının kökünün kəsilməsi prosesi başa düşülür. Kultivasiyanı kultivatorlar vasitəsilə yerinə yetirirlər.
Kultivator torpağı üzdən çevirməklə gübrə vermək, bitkilərin dibini
yumşaltmaq və doldurmaq, qaysaq əmələgəlmənin qarşısını almaq,
torpaqda nəmliyin saxlanılması və alaq otlarının köklərinin kəsilməsi üçün
nəzərdə tutulmuşdur. Kultivatorları torpağı başdan-başa becərən və
cərgələrarası becərən kultivatorlara ayırmaq olar.
Traktorla aqreqatlaşmasına görə kultivatorları asma və qoşma növlərinə
ayırmaq olar.
Başdan-başa kultivasiyanı, əsasən, səpin qabağı becərmək üçün edirlər.
Başdan-başa kultivasiyanı yerinə yetirərkən aqrotexniki tələblərə əməl
olunmalıdır: torpağın üst qatı xırda kəsəklərə yumşaldılmalı və
yumşaldılmanın dərinliyinin eyni olmasına nail olunmalıdır; yumşaldılmış üst
qatın darağının hündürlüyü 4 sm-dən böyük olmamalıdır; torpağın alt nəmli
qatı çevrilməməlidir və alaq otlarının kökləri tamamilə kəsilməlidir.