Dərinləşdirici gövdə, əsasən, şum təbəqəsini 5-15 sm dərinlikdə
yumşaltmaqda istifadə edilir. Belə şumlama torpaqda nəmliyin və havanın
yaxşı keçməsinə və saxlanılmasına şərait yaradır.
Bərk gilli və daşlı torpaqları şumlamaq üçün iskənəli gövdədən istifadə edilir.
İskənə gavahının burnunun maneəyə rast gəldiyi zaman qırılmadan qoruyur
və gövdənin torpağa daxil olmasını təmin edir.
Gavahın pazşəkilli hissədir, onu xüsusi poladdan hazırlayırlar. Gavahının
tiyəsini 20-35 mm-ə qədər enində termik emal etməklə hazırlayırlar. Onun
əsas vəzifəsi torpaq layını altdan kəsmək və onu laydıra
istiqamətləndirməkdir.
Laydır layı çevirmək və xırdalamaq üçün nəzərdə tutulmuşdur. Laydırlar səthi
bütöv və səthi məsaməli hazırlanmaqla növlərə ayrılır. Məsaməli laydırlar
torpaq layını tam çevirməmək üçün nəzərdə tutulmuşdur. Səthi bütöv
laydırlarla, əsasən, torpağın ilkin şumlanmasında və alaq otları basmış
sahələrin şumlanmasında daha çox istifadə edilir.
Ön kotancığın işi torpağın üst qatını 12 sm dərinlikdə alaq otları ilə birlikdə
kəsmək, əsas kotanın işini yumşaltmaqdır.
Bıçağın əsas vəzifəsi şaquli müstəvi üzrə torpaq layını kəsmək və şırımın düz
kəsiyini almaqdan ibarətdir. Bıçaq diskli və ya dəstəkli ola bilər.