Dənli bitkilərin yığımı başqa bitkilərə nisbətən daha çox mexanikləşdirilmişdir.
Taxılyığan kombaynla keyfiyyətli yığım yalnız o halda təmin edilir ki,
kombaynın işçi orqanları yığılan bitkinin xassəsinə uyğun seçilsin və
nizamlansın, bitki isə maşınla yığım üçün uyğunlaşdırılsın.
Taxılyığan kombaynlar dənli bitkiləri birbaşa yığmaq və yaxud da tirələrdən
yığıb döymək üçün nəzərdə tutulmuşdur. Kombaynları xüsusi avadanlıqlarla
təmin etdikdə toxumluq ot, tərəvəz, yarmalıq və yağlı bitkiləri yığmaq üçün
istifadə etmək mümkündür.
Taxılyığan kombaynlarda biçən hissənin en götürümü döyən hissənin en
götürümünə bərabər və ya ondan çox ola bilər. Biçən hissənin en götürümü
döyən hissənin en götürümünə bərabər olduqda taxıl kütləsi sıxılmadan
döyən hissəyə daxil olur. Biçən hissənin en götürümü döyən hissədən artıq
olduqda taxıl kütləsi sıxılaraq döyən hissəyə verilir.
Kombayn işləyən zaman biçən hissənin
qaldırılıb-endirilməsi və cəhrəni lazımi
hündürlüyə qaldırıb ona lazımi dövrlər
sayının verilməsi hidrosistem vasitəsilə
idarə olunur.
Biçən hissədə 1400 mm diametrində 5 ədəd
adi palkalı cəhrə quraşdırılır. Cəhrənin valı
yataqlara söykənir, yataqlar isə boltlar
vasitəsilə boruşəkilli saxlayıcılara bərkidilir.