Jalüzlər hava axını ilə radiatorun soyutma intensivliyini dəyişmək üçün qoyulmuşdur. Onlar radiatorun qabağında quraşdırılır və xüsusi dəstəklə sürücünün kabinəsindən idarə olunur.
Termostat – mühərrik işə salındıqdan sonra onun qızmasını sürətləndirmək və radiatora soyuducu mayenin dövretmə sürətini onun qızma dərəcəsindən asılı olaraq dəyişməklə mayenin temperaturunu avtomatik tənzimləmək üçündür. Termostat gövdədən, silindrdən və qoşa klapanlı ştokdan ibarətdir. Nazikdivarlı bürüncdən düzəldilmiş silindrin içərisinə tezbuxarlanan maye – efirin və ya etil spirtinin su məhlulu tökülür. Termostat silindrlər başlığı ilə silindrlər bloku arasında radiatora yaxın hissədə qoyulur. Termostatın əsas və buraxılış klapanları olur. Soyuducu mayenin temperaturu 700 C-dən az olduqda termostatın əsas klapanı bağlı, buraxılış klapanı isə açıq olur və maye radiatordan keçmədən kiçik dövrədə dövr edir. Soyuducu mayenin temperaturu 700 C-dən yuxarı olduqda termostatın silindrindəki maye buxarlanır və buxarın təzyiqindən əsas klapan qalxır və böyük kanalı açır, buraxılış klapanı bağlanaraq soyuducu mayeni radiatordan keçməklə – böyük dövrə ilə dövr etməyə yönəldir.
Soyutma sisteminin nasazlıqları aşağıdakılar ola bilər: mühərrikin həddən artıq qızması, mühərrikin həddən artıq soyuması, radiatorun yuxarı qabında mayenin lazımi səviyyədə olmaması, birləşmə yerlərinin kipliyinin pozulması, termostatın ilişib qapalı halda qalması, radiatorun həddən artıq ərp bağlaması və s.