Buna görə də müxtəlif sürətlərdə və yükləmələrdə mühərrikin normal işini təmin etməkdən ötrü onun temperatur rejimi sabit olmalıdır. Mühərrikin həddən artıq soyuması və ya kifayət qədər
qızdırılmadan işləməsi də mühərrikin işinə mənfi təsir göstərir.
Bütün bu çatışmazlıqların qarşısını almaqdan ötrü mühərriklərdə soyutma sistemləri tətbiq edilir. Soyutma sistemlərini maye və hava soyutma sistemlərinə bölürlər. Ən geniş yayılmış soyutma sistemi maye ilə olan soyutma sistemidir. Maye ilə soyutma sisteminin quruluşu ilə tanış olaq. DYM-də məcburi dövr etdirilən maye ilə soyutma sistemi tətbiq edilir. İşləyən mühərrikdə soyuducu mayenin temperaturu 80-900 C arasında olmalıdır. Mühərrik
çox soyumamalıdır, çünki belə halda faydalı istilik itir, soyumuş və qatılaşmış yağ isə hissələrin sürtünməsini artırır və hissələrin yeyilməsi çoxalır. Maye ilə soyutma sisteminə silindrlər blokunun və silindrlər başlığının soyutma köynəkləri, radiator, maye nasosu, ventilyator, termostat, birləşdirici şlanqlar, mayeni boşaltmaq üçün kranlar, jalüzlər və soyutma mayesinin temperatur vericisi daxildir. İşləyən mühərrikin hissələri öz istiliyini soyutma köynəklərindəki mayeyə verməklə soyuyur. Qızmış maye radiatorda soyuyur və yenidən soyutma köynəyinə verilir. Mayenin radiatorda soyumasına radiatorun özəyindən intensiv hava axını yaradan ventilyator kömək olur. Sistemdə mayenin məcburi dövranı soyudulmuş mayeni mühərrikin soyuducu köynəyinə verən nasosla icra olunur.