Detalların sürtünən səthlərinə yağın verilməsi üsullarından asılı olaraq mühərriklərin yağlama sistemləri üç tipdə olur: 1) çiləməklə, 2) təzyiq altında və 3) kombinəedilmiş (qarışıq). İş səthlərinə yağı – təzyiq altında vurmaqla, çiləməklə və öz-özünə axını ilə vermək olar. Traktor və avtomobil mühərriklərində kombinəedilmiş yağlama sistemindən istifadə edilir. Bu halda çox yüklənmiş detallara yağ təzyiq altında, qalan detallara isə çilənmə və öz başına axma üsulları ilə verilir.
Yağlama sisteminə karterin dibliyi (yağ qabı), yağqəbuledici, yağ nasosu, yağ süzgəcləri, yağ radiatoru, yağ təzyiq göstəricisi, yağ boru kəmərləri, yağ kanalları və karterin ventilyasiyası aiddir.
Yağlama sisteminin sxemi belədir: Yağ karterin dibliyindəki
yağqəbuledici vasitəsilə dişli çarxlı yağ nasosuna sorulur. Daha sonra
yağ təmizlənmək üçün yağ süzgəcinə vurulur. Süzgəcdən çıxan yağ
təzyiq altında silindrlər blokunun mərkəzi yağ magistralına, kanallar
vasitəsilə dirsəkli valın əsas boynuna və paylayıcı valın dayaq boynuna
verilir. Dirsəkli valın əsas boynundan sürgüqolunun boynuna yağ valın
yanağındakı deşikdən keçir. Yağ şırnağı sürgüqolundakı deşikdən
silindrə daxil olur.
Mühərrikin dirsəkli valının əsas boyunları və sürgüqolu yataqları,
paylayıcı valın yataqları, balansir oxu, qırıcı-paylayıcı intiqalının və yağ
nasosunun valı təzyiq altında yağlanır.
Silindrlər, sürgüqolunun yuxarı başlığının oymaqları, klapan milləri, porşen üzükləri və porşen barmaqları, paylayıcı valın itələyiciləri və yumrucuqları çilənmə üsulu ilə yağlanır.
Paylayıcı valın intiqalının dişli çarxları süzgəcdən axan yağla yağlanır. Qırıcı-paylayıcının intiqalı və onun dişli çarxları silindrlər başlığından kanal vasitəsilə özbaşına axıb gələn yağla yağlanır.
Yağı yayda, traktor və ya avtomobil ağır şəraitlərdə işləyən vaxtlarda soyutmaq üçün yağ radiatoru nəzərdə tutulmuşdur. Onu kranla açıb bağlayırlar.
Yağı karterin dibaltısına tökürlər. Yağ karterə müəyyən səviyyədə tökülür. Yağın səviyyəsini yağölçənlə ölçürlər. Onun üzərində səviyyənin minimum və maksimum həddini göstərən nişanlama edilmişdir.