Yanacaq qarışığının kasıblaşması yanacağın karbüratora kifayət qədər verilməməsi, üzgəc kamerasında yanacağın səviyyəsinin aşağı düşməsi, yanacaq jiklyorlarının və tozlandırıcıların çirklənməsi, karbüratorun və sorma boru kəmərinin kipləşmələrindən havanın sızması ilə əlaqədardır.
Hava süzgəcinə texniki xidmət onun bərkidilmə yerlərinə nəzarət, süzücü element həddindən artıq çirklənibsə, onu dəyişmək, əgər süzücü element yuyulabiləndirsə, onu yumaq, hava qazanın dibinə tökülən yağdan və süzücü elementdən ibarət olan hava təmizləyicidirsə, onda yağı dəyişməkdən ibarətdir.
Benzin nasosuna texniki xidmət göstərilməsi onun hermetikliyini müntəzəm yoxlayıb yanacağın mümkün sızma hallarını aradan qaldırmaqdan, torlu süzgəci yumaq, klapan və diafraqmanın vəziyyətini yoxlamaq, nasosun yaratdığı təzyiqə və seyrəkləşməyə nəzarət etməkdir.
Karbüratora texniki xidmət göstərilməsinə aşağıdakı əməliyyatlar aiddir: üzgəc kamerasında yanacağın səviyyəsinin yoxlanılması, ondakı çöküntülərin kənar edilməsi, jiklyorların üfürülməsi, yaxud onların yanacaq buraxma qabiliyyətinin vaxtaşırı yoxlanılması.
4.3 Yağlama sisteminin vəzifəsi, quruluşu, iş prinsipi və nasazlıqları. Yağın dəyişdirilməsi
DYM-nin yağlama sistemi onun detallarının sürtünməsini və yeyilməsini azaltmaq üçün nəzərdə tutulmuşdur. Bununla bərabər, yağlama mühərrikin detallarının qismən soyudulmasını, sürtünən səthlərin yeyilmə məhsullarının yuyulmasını, mühərrikin kompressiya xassələrinin yaxşılaşdırılmasını və detalların korroziyadan mühafizəsini təmin etməlidir.