Yanacaq forsunkaya təzyiq altında, yanacaq yolu ilə yüksək təzyiq nasosunun uyğun seksiyasından daxil olur. Forsunkada yanacaq kanallarla keçib tozlandırıcının halqavari kamerasının boşluğuna daxil olur. Yanacağın konus səthinə təsir etməsilə iynə yayın müqavimətinə üstün gələrək azacıq qalxır. Bu halda iynə tozlandırıcı deşikləri açır və yanacaq forsunkadan çıxıb tozlanır. Forsunkaya daxil olan yanacağın təzyiqi zəifləyən kimi yay dərhal ştanq vasitəsilə tozlandırıcının iynəsinə təsir edib, onu aşağıya hərəkət etdirir və tozlandırıcı deşikləri bağlayır. Tozlandırıcıdan keçməyib artıq qalan yanacaq yenidən yanacaq bakına qayıdır.
Dizel mühərriklərinin qida sisteminin əsas nasazlıqları – yüksək təzyiqli nasosun işinin pozulması, forsunkanın işinin standart normalardan kənara çıxması, süzücü filtrlərin çirkabla həddən artıq çirklənməsi, nasos seksiyalarının yanacaq verilişinin müntəzəmliyinin pozulması və s. ola bilər.
4.2 Karbürator mühərriklərinin qidalanma sisteminin vəzifəsi, quruluşu, iş prinsipi və nasazlıqları
Karbüratolu mühərriklərin qidalanma sistemi aşağıdakıları təmin edir: yanacağın və havanın təmizlənməsi, hazırlanmış yanacaq qarışıq dozalaşdırılması, yanacağın hava ilə qarışdırılması, mühərrik silindrlərinə lazımi miqdarda yanacaq qarışığının verilməsi, işlənmiş qazların silindrlərdən atmosferə azad edilməsi.