Yüksək təzyiqli nasos yanacağı mühərrikin iş qaydasına uyğun olaraq böyük təzyiq altında (12,5-17,5 MPa) forsunkalara verir. Forsunkalar isə nasosdan alınmış yanacaq payını tozlandırılmış halda silindrlərə püskürdür.
Silindrlərdəki işlənmiş qazlar xaricetmə boru kəmərindən keçərək, xaricetmə borusundan atmosferə buraxılır.
Yanacaq bakının funksiyası ehtiyat yanacağı saxlamaq üçündür. Yanacaq baka torlu süzgəci olan qapaqla bağlanan ağızdan tökülür.
Porşenli yanacaq vurucu nasoslar dizel mühərriklərində tətbiq edilir. Onun funksiyası yanacağı bakdan yüksək təzyiqli nasosa çatdırmaqdır. Bu nasoslar lazım olduqda əllə də idarə edilir. Bu nasosun iş prinsipinin xüsusiyyəti ondan ibarətdir ki, vurmanın gedişi yayın porşenə təsiri ilə gedir. Bu da nasosun işini avtomatik tənzimləməyə imkan verir.
Yanacaq süzgəcləri yanacağı mexaniki qarışıqlardan təmizləyir. Yanacaq süzgəci belə işləyir.
Təmizlənməmiş yanacaq vurucu nasosun köməyi ilə yanacaq gətirən kanaldan süzgəcin gövdəsinin boşluğuna daxil olur. Süzgəcin genişləndirilmiş daxili boşluğunda yanacağın sürəti yavaşıyır və bunun nəticəsində yanacaqdakı mexaniki qatışıqlar süzgəcin dibinə çökür. Yanacaq isə süzücü elementin məsamələrindən keçir və ölçülərinə görə süzücü məsamələrdən keçə bilməyən qatışıqlardan təmizlənir.
Süzgəclər kobud və incə olmaqla iki yerə ayrılır. Bu süzgəclər arasındakı fərq ondadır ki, kobud süzgəcdən keçə bilən qarışıq incə süzgəcdən keçə bilmir.
Forsunka yanacağı incə şəkildə dizelin yanma kamerasına püskürməkdən ötrü nəzərdə tutulmuşdur. Forsunkanın gövdəsinin içrəsində ştanq, tənzimləyici vint, yay və tənzimləyici vinti lazımi vəziyyətdə bərkitmək üçün detallar yerləşdirilir. Forsunka üstdən qapaqla bağlanır.