Plunjer qəbul kanalını açan kimi yanacaq boşluğu doldurur.
Plunjerin yuxarı gedişində əvvəlcə qəbul kanalı bağlanır. Bundan sonra təcrid olunmuş boşluqda sıxılan yanacaq vurucu klapanı açır və yanacaq yanacaq yoluna daxil olur. Yanacaq yoluna o vaxta qədər yanacaq verilir ki, plunjerin vintvari kənarı buraxılış kanalını açır. Bundan sonra plunjerüstü boşluq 30-50 MPa təzyiq altında plunjerdəki kanal vasitəsilə buraxılış kanalı ilə birləşir və burada təzyiq 0,1 MPadan artıq olmur. Boşluqdakı təzyiq kəskin düşür, vurucu klapan bağlanır və yanacaq yoluna yanacağın verilməsi tez kəsilir.
Hər bir plunjer cütünün verdiyi yanacağın miqdarı plunjerin tənzimləyici vintvari kənarının gilizin buraxılış kanalına nisbətən vəziyyəti ilə müəyyən olunur. Yəni bu miqdar plunjerin dönmə bucağından asılıdır. Bu an plunjerlərin gəzdiriciləri yanacaq nasosunun yanacaq daşıyan ümumi reykası ilə birləşdirilir. Deməli, bütün silindrlərə eyni vaxtda yanacaq verilməsini dəyişmək üçün reykanın gedişini, həm də bütün plunjerlərin dönmə bucaqlarını artırmaq və ya azaltmaq tələb olunur.
Plunjerli yanacaq nasosları olduqca yığcamdır, istismarı sadədir, tənzimləmək lazım gəlmir. Buna baxmayaraq, intensiv işləməsi nəticəsində belə nasosların plunjer cütləri sürətlə yeyilib köhnəlir və tələb olunan kipliyi itirir. Buna görə də belə plunjer cütlərinin yeyilməyə davamlılığı və hazırlanma dəqiqliyi yüksək olmalıdır.