3.2 Dizel mühərrikləri və onların iş prinsipi. Plunjerli yanacaq nasosu Turbokompressor
3.2.1 Dizel mühərrikləri və onların iş prinsipi.
Dizellərdə yanıcı qarışığın əmələ-gəlmə prosesi
Artıq sizə məlumdur ki, dizel mühərrikləri dizel yanacağı ilə işləyir və bu mühərriklər iki mexanizm və üç sistemdən təşkil edilmişdir. Bilirsiniz ki, bir iş tsiklinin baş verməsindən ötrü silindrlərin daxilində dörd takt – sorma, sıxma, iş gedişi (yanma-genişlənmə), xaricetmə taktları baş verməlidir. Bu taktların necə baş verməsindən və hər bir takt baş verdikdə silindrdə hansı proseslərin getməsindən bir qədər məlumatlısınız. Silindrlərə sorma taktı zamanı silindrlərə sovrulmuş, təmizlənmiş hava yüksək təzyiqlə sıxıldığından sıxma taktının başa çatması anında sıxılmış havanın temperaturu 600 - 7000 C-yə çatır. Bu zaman yanacaq 140 MPa-a qədər təzyiq altında toz halında yanma kamerasına püskürülür, burada hava, dizel yanacağı və qalıq qazlarla qarışaraq işçi qarışıq (İQ) əmələ gətirirlər və bu qarışıq yaranmış yüksək temperaturun təsirindən
öz-özünə alışır. Bu səbəbdən dizel mühərriklərində əlahiddə alışdırma sistemi mövcud deyil. Nəzərə alınmalıdır ki, yanma prosesi porşen YÖN-ə çatmazdan qabaq baş verir və yanacağın püskürməsi qurtardıqdan sonra iş gedişi taktının bütün gedişində yanmaqda davam edir.
İşçi qarışığın yanmağa başlaması ilə silindrdə təzyiq kəskin artır (6-9 MPa-la qədər), yanmış qazların temperaturu isə 1800-20000 C-yə qədər yüksəlir. Porşen yanmış qazların təzyiqi ilə yenidən YÖNdən AÖN-ə hərəkətə başlayır və əsas takt hesab olunan iş gedişi (yanma-genişlənmə) taktı baş verir.