Daha sonra drosselin dayaq vintini yenidən burmaqla dirsəkli valın mümkün olan minimal, lakin dayanıqlı fırlanma tezliyinə nail olurlar. Nizamlamanı yoxlamaq üçün drosseli açmaq və cəld bağlamaq lazımdır. Əgər bu zaman mühərrik işləməkdə davam edirsə, deməli, nizamlama düzgün aparılmışdır, yox əgər mühərrik dayanarsa, drosselin dayaq vintini yarım dövr burmaq və sonra nizamlamanı yenidən yoxlamaq gərəkdir.
Üzgəcli kamerada yanacaq səviyyəsinin yoxlanması və nizamlanması. Üzgəcli kamerada
yanacaq həmişə eyni səviyyədə qalmalıdır ki, jiklyorlarda (tozlandırıcılarda) da tələb edilən səviyyə təmin edilsin. Jiklyorlardakı yanacağın səviyyəsi bir növ birləşmiş qablar qanununun tətbiqinə əsaslanır. Üzgəcli kamerada yanacaq səviyyəsinin dəyişilməsi yanıcı qarışığın tərkibinə təsir göstərir. Belə ki, səviyyənin yüksəlməsi qarışığın zənginləşməsinə, aşağı düşməsi isə kasıblaşmasına səbəb olur. Bu
nizamlamanın K-88A karbüratorunda necə aparılması ilə tanış olaq. Karbüratorlarda üzgəcli kameradakı yanacaq səviyyəsi iki üsulla yoxlanıla bilər. Mühərrik boşuna hərəkətin kiçik dövrlərində işlərkən səviyyəyə nəzarət deşiyinin tıxacını çıxarıb yanacaq səviyyəsini müşahidə etmək lazımdır. Düzgün nizamlandıqda yanacağın səviyyəsi görünəcəkdir, lakin yanacaq deşikdən axmamalıdır.
Yanacaq səviyyəsini ikinci üsulla yoxlayan zaman ekonomayzerin kanalını bağlayan tıxacı burub çıxarmalı, onun yerinə rezin və şüşə borucuqlu ştuser keçirməli.