Ara boşluğunu nizamlamaq üçün dayanıqlılığı təmin edən stopor vintini boşaldır və eksentrikin
köməyi ilə tərpənməz kontaktın lövhəsini lazımi dərəcədə sağa və ya sola hərəkət etdirirlər. Nizamlama başa çatdıqdan sonra stopor vintini bərkitmək lazımdır.
Paylayıcı rotor və qapaqdan ibarətdir. Qapaq karbolitdən hazırlanır. Qapağın bayır hissəsinin kənarlarında alışdırma şamlarının naqillərini bərkitmək üçün silindrlərin sayı qədər yuvalar açılmışdır. Qapağın mərkəzi hissəsində alışdırma sarğacından gələn yüksək gərginlikli naqili bərkitmək üçün yuva var. İçəridə isə qırıcının yumrucuqlu valına taxılmış rotor
yerləşdirilmişdir. Rotor fırlandıqda mərkəzi kontakt növbə ilə yan kontaktları mərkəzi kontaktla birləşdirir və mühərrikin iş qaydasına uyğun olaraq hansı silindrdə işçi qarışığı alışdırmaq lazımdırsa, həmin silindrin şamına gedən yüksək gərginlik dövrəsini qapayır.
Alışdırma şamları mühərrikin silindrlərində elektrik qığılcımı əmələ gətirməkdədir. Qığılcımı yaradan alışdırma şamlarının mərkəzi və yan elektrodları arasındakı ara boşluğudur. Bu elektrodlar bir-birindən farfor izolyasiyaedici ilə ayrılmışlar. Alışdırma şamının effektli işləməsinə təsir edən amillərdən biri onun mərkəzi elektrodu ilə yan elektrodu arasındakı ara boşluğudur. Ara boşluğunun ölçüsü mühərrikin markasına uyğun olmalıdır. Bu ölçü mühərrikin markasından asılı olaraq dəyişir.